16 aprel 2026 16:40
144

Gənclərin idmana cəlb olunması, innovativ yanaşmaların tətbiqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi vacibdir

Bakıda Avropa Atletikasına üzv federasiyaların rəhbər şəxslərinin konfransı işinə başlayıb. “Baku Marriott Hotel Boulevard”da keçirilən mötəbər tədbirin açılış mərasimində Avropa Atletikasının prezidenti Dobromir Karamarinov Azərbaycan Atletika Federasiyasını fəal tərəfdaş kimi qiymətləndirərək yüksək təşkilatçılığa görə təşəkkürünü bildirib. Gənclər və idman naziri Fərid Qayıbov bu cür tədbirlərin ümumi inkişaf yolunda mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Tədbir iştirakçılarını Bakıda görməkdən məmnunluğunu qeyd edən Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov konfransın işinə uğurlar arzulayıb.

“İki sahil” xəbər verir ki,  açılış mərasimindən sonra Avropa Atletikasının CEO-su Kristian Milsin qurumun strateji yol xəritəsinin yenilənməsi, azarkeşlərin cəlb olunması və rəqəmsallaşma ilə bağlı yeni layihələrə dair təqdimatı baş tutub.
Ardınca Sloveniya, İspaniya və Danimarkadan olan nümayəndələr Avropa Atletikasının strateji yol xəritəsinin üzv federasiyalarda tətbiqi ilə bağlı çıxışlar ediblər.

Federasiyanın vitse-prezidenti Könül Nurullayev da öz növbəsində qrup görüşlərində çıxış edib. O, bildirib ki, bu tədbir yalnız idman sahəsində əməkdaşlığın deyil, eyni zamanda dostluq, qarşılıqlı anlayış və ortaq dəyərlərin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Atletika hər zaman idmanın əsası, sağlam həyat tərzinin təməli və gənc nəslin fiziki və mənəvi inkişafına töhfə verir. Bu sahədə Avropa ölkələri arasında əməkdaşlıq, təcrübə mübadiləsi və birgə təşəbbüslər gələcək uğurlar üçün əsas şərtdir. 
Azərbaycan son illərdə beynəlxalq idman tədbirlərinə ev sahibliyi etməklə idman ölkəsi kimi öz mövqeyini daha da möhkəmləndirir. Bakıda keçirilən mötəbər yarışlar və tədbirlər ölkəmizin həm təşkilatçılıq baxımından, həm də idmanın inkişafına verdiyimiz töhfələr baxımından əhəmiyyət daşıyır. 
K.Nurullayeva qeyd edib ki, atletikanın inkişaf strategiyaları, gənclərin idmana cəlb olunması, innovativ yanaşmaların tətbiqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi vacibdir. 

Sonra liderlər üçün etika üzrə idarəetmə sessiyasında yarış manipulyasiyası, təhlükəsizlik və maraqlar toqquşmasının idarə olunması, həmçinin üzv federasiyalar üçün effektiv rəqəmsal transformasiya və data əsaslı monetizasiya strategiyaları müzakirə olunub.
Qeyd edək ki, 32 ölkədən 50 nümayəndənin qatıldığı konfrans bu gün yekun vurulacaq.