16 aprel 2026 22:06
134

BDU-nun Qazax filialında maarifləndirici tədbir keçirilib - FOTOLAR

Bakı Dövlət Universitetinin Qazax filialında “Narkotik aslılığı problemində ailələrin rolu, valideyn məsuliyyəti və bu sahə üzrə məlumatlılğın artırılması” mövzusunda maaarifləndirici tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, filialın direktoru Arif Rüstəmov tədbiri giriş sözü ilə açaraq tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Bildirib ki, narkomaniya bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Bu problemin vurduğu zərərin həcmi çox böyük olmaqla narkotik istifadəçisinin müxtəlif cinayətlər törətməsinə, intellektual potensialının aşağı düşməsinə, genefondun pisləşməsinə və bir çox mənfi hallara gətirib çıxarır. Bunun üçün ilk növbədə gəncliyi narkomaniyanın dəhşətli fəsadlarından qorumaq, yetişməkdə olan nəsil arasında sağlam həyat tərzini təbliğ etmək, narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində dövlət tərəfindən görülən işlər barədə gənclərin məlumatlılığını daha da artırmaq lazımdır.

Qazax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov tədbirdə çıxış edərək bildirib ki, bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizə bu gün aktual xarakter daşıyır. Qeyd edib ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyamızı narahat edən ən böyük problemlərdən biridir. Bu təhlükəli təzahür insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir. Bildirib ki, narkomaniyaya qarşı mübarizəni gücləndirməklə gələcəyimizi, sağlamlığımızı qorumaq, dövlətçiliyimizi daha da möhkəmləndirmək lazımdır. S.Əsədov çıxışının sonunda ölkəmizin gələcəyi olan gənclərin sağlam düşüncəli insan olaraq yetişməsi üçün onları zərərli vərdişlərdən uzaq durmağa çağırıb.

Sonra filialın Pedaqogika kafedrasının müəllimlərindən Gülnar Abdullayeva və Gövhər Məmmədtağıyeva, Vətən müharibəsi şəhidi Amid Məmmədovun atası Müqabil Məmmədov, filialın Tələbə Gənclər Təşkilatının sədri Aysun Bəndəlieyva, filialın Tələbə Həmkarlar Təşkilatının sədri Qılınc Cəfərov çıxış edərək narkomaniyanın cəmiyyətin gələcəyi üçün çox böyük təhlükə doğurduğu diqqətə çatdırıb, ona qarşı mübarizədə hər birimizin səfərbər olmasını qeyd ediblər.