Moldova Dnestryanıdakı bir neçə Rusiya hərbçisini "arzuolunmaz şəxs" elan edib. Söhbət Operativ qrup rus qoşunları (OQRV) rəhbərliyinə daxil olan şəxslərdən gedir.
“İki sahil” xəbər verir ki, bu barədə "Komersant" Moldova parlamentinin sədri İqor Qrosuya istinadla məlumat yayıb.
Onun sözlərinə görə, siyahıya təxminən 4–5 nəfər daxildir. Qərarın səbəbi isə aydındır: Rusiya ordusunun Moldova ərazisində qanunsuz yerləşməsi.
“Bəli, bunu təsdiqləyirəm. Səbəb çox sadə və konkretdir: Rusiya ordusu Moldova Respublikasının ərazisində qanunsuz mövcuddur”, — deyə Qrosu bildirib.
“Persona non grata” elan edilənlər arasında qrup komandiri Dmitri Zelenkov, onun müavinləri Dmitri Opalev, Sergey Maşenko və Sergey Şirşov yer alır. Bundan əlavə, Marat Yarulin və Aleksey Boqomolovun da ölkəyə girişi qadağan edilib.
Qrosu qeyd edib ki, xarici vətəndaşlar 90 gün ərzində Moldovada qanuni yaşayış statusu ala bilərlər. Lakin OQRV bu kateqoriyaya aid deyil, çünki bu, qəbul edən dövlətin razılığı olmadan yerləşdirilmiş xarici hərbi qüvvədir.