Dekabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda akademik Çingiz Qacarın rus dilində çapdan çıxmış “Naxçıvan – dünyanın ən qədim şəhərlərindən biri” kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli kitabın elmi məziyyətlərindən danışıb, Naxçıvanın tarixi ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında bu nəşrin əhəmiyyətini qeyd edib. Akademik bildirib ki, kitab indiyədək Naxçıvanın tədqiqi sahəsində əldə edilmiş elmi nailiyyətlərin tanıdılması və təbliği baxımından çox önəmlidir.
Digər çıxış edənlər də kitab barədə fikirlərini bölüşüblər. Bildirilib ki, “Naxçıvan – dünyanın ən qədim şəhərlərindən biri” kitabı tarixi, etnoqrafik və mədəniyyət sahəsində məlumatları özündə cəmləşdirib. Nəşrin elmi redaktoru və “Ön söz”ün müəllifi akademik İsa Həbibbəylidir. Kitabda müxtəlif alimlərin, o cümlədən naxçıvanlı elm adamlarının əsərlərindən məlumatlar yer alıb.