Həftənin ilk günlərində Balakən rayonu ərazisinə yağan intensiv yağışlar əsasən Qabaqçöl qəsəbəsinə daxil olan kəndlərdə ciddi fəsadlara səbəb olub.
Aylıq normadan bir neçə dəfə çox yağan yağışlar qəsəbənin küçə və meydanları ilə yanaşı, sakinlərin təsərrüfatlarına da ciddi ziyan vurub. İlkin araşdırmalar göstərir ki, ərazinin relyef və iqlim xüsusiyyətləri, qrunt sularının səthə yaxın olması, eləcə də buradan keçən çaylarda suyun səviyyəsinin artması fəsadların aradan qaldırılmasını çətinləşdirən əsas amillərdəndir.
Balakənin Qabaqçöl qəsəbəsi altı yaşayış məntəqəsini birləşdirir və burada 20 mindən artıq əhali yaşayır. Geniş əkin sahələrinə malik olan qəsəbədə əhali əsasən taxıl, arpa, qarğıdalı, bostan-tərəvəz məhsulları istehsalı və maldarlıqla məşğul olur. Qəsəbə ərazisindən axan dağ çayları burada il boyu su bolluğunu təmin edir. Mənbəyini dağlardan götürən İnterçay qəsəbənin 10 kilometrdən artıq ərazisindən keçərək axır. Bu isə yaz və payız aylarında daşqın riskini artıraraq sakinlər üçün ciddi problemlər yaradır.
Son intensiv yağışlardan sonra çaylarda suyun səviyyəsi dəfələrlə artsa da, görülən qabaqlayıcı tədbirlər və məcratənzimləmə işləri nəticəsində daşqınların qarşısı qismən alınıb.
Qəsəbə sakinlərinin sözlərinə görə, İnterçayın ötən payız yaratdığı təhlükə nəticəsində qəsəbəyə gedən yolun bir hissəsi yuyulub. Çayda yenidən güclü sel baş verərsə, yolun bağlanması və nəqliyyatın hərəkətinin məhdudlaşması riski qalır. Ötən ilin payızında baş verən sel daşqınları zamanı evi təhlükə altında qalan sakinlərdən biri də Ayşə Qıstarovadır. O bildirir ki, çayın sahili boyunca beton bəndin tikilməsi üçün müvafiq qurumlara müraciət ediblər və artıq müsbət cavab alıblar.
Son güclü və intensiv yağışlardan sonra Balakən Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin (SMSİİ) texnika və işçi qüvvəsi qəsəbə ərazisində fəaliyyətini gücləndirib. İdarə tərəfindən çaylarda, su kanallarında və əkin sahələri üçün nəzərdə tutulmuş arxlarda təmizləmə işləri aparılır.
Balakən SMSİİ-nin baş mühəndisi İlkin Aslanov bildirib ki, idarə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Məqsəd dəymiş ziyanın qarşısını almaq və gələcək riskləri minimuma endirməkdir. Bu məqsədlə Balakənçay, Katexçay, İnterçay və Mazımçayda sahil mühafizə bəndlərinin möhkəmləndirilməsi işləri davam etdirilir. Eyni zamanda kəndlərdən keçən suötürücü arxların da təmizlənməsinə başlanılıb.
Baş mühəndis qeyd edib ki, qəsəbə sakinlərinin İnterçayın sahilində bənd tikintisi ilə bağlı müraciətinə artıq baxılıb və layihə-smeta sənədləri təsdiqlənib. Belə ki, İnterçayın qəsəbənin Şərif kəndindən keçən hissəsində 200 paqonometr uzunluğunda yeni beton bəndin tikintisi planlaşdırılır. Maliyyə vəsaiti ayrıldıqdan sonra tikinti işlərinə başlanılacaq.
İlkin Aslanov əlavə edib ki, hazırda idarənin bütün ağır texnikası və mexanizmləri qəsəbə ərazisindən keçən digər çaylarda məcra tənzimləmə işlərini davam etdirir. Bununla yanaşı, su kanalları və arxlar da təmizlənərək dərinləşdirilir və işlək vəziyyətə gətirilir.
AZƏRTAC
Hacıqabulda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb
FAO və ADB-nin dəstəyi ilə Azərbaycanda I Beynəlxalq GreenEco forumu keçiriləcək