20 aprel 2026 19:15
134

Cənubi Qafqazda yeni mərhələnin başlanğıcı

Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinin sürətlənməsi, kommunikasiyaların açılması istiqamətində real danışıqların aparılması, həmçinin regionda uzunmüddətli sülh müqaviləsinin imzalanmasına dair siyasi iradənin formalaşması Cənubi Qafqazda yeni mərhələnin başlandığını göstərir

Azərbaycanın son altı ildə yaratdığı reallıqların fonunda bölgədə bərqərar olmuş sülh mühiti qabarıq şəkildə ön plana çıxır. Onilliklər boyu adı münaqişə ocağı kimi hallanan Cənubi Qafqaz dünyanın indiki müharibələrlə, siyasi təlatümlərlə çalxalandığı dövrdə nümunə götürüləcək barışın, əməkdaşlığın bərqərar olduğu ünvan kimi tanınır. İndi qlobal sülhlə bağlı keçirilən sammitlərdə tərəqqi vəd edən sülh mühiti formalaşdırılmış regionumuzun misal çəkilməsi də bu baxımdan təbiidir. Bütün bu gerçəkliklər isə Azərbaycanın liderliyi ilə yürüdülən normallaşma prosesinin, sülh gündəliyinə sadiqliyinin parlaq nəticələridir.

Ötən ilin 10 iyul tarixində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü isə sülh prosesində mühüm əhəmiyyət daşıdı. Sözügedən görüşdə iki ölkə arasında sülh və normallaşma istiqamətində reallaşdırılacaq məsələlərlə bağlı müzakirələr aparıldı, razılaşmalar əldə edildi. Əbu-Dabi görüşü beynəlxalq birlik tərəfindən də sülh prosesində vacib məqam kimi qiymətləndirildi. Beləliklə, Azərbaycanın liderliyi ilə irəlilədilən sülh prosesi addım-addım 8 avqust tarixli Vaşinqton zirvəsinə yüksəldildi. Ağ Evdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı ilə vacib razılaşmaların əldə edilməsi təkcə bölgəyə deyil, daha geniş coğrafiyaya inkişaf və əməkdaşlıq üçün geniş üfüqlər açdı. Vaşinqton görüşü sülh gündəliyinin nizamlanması, normallaşma istiqamətində real nəticələrin əldə olunması istiqamətində, Cənubi Qafqazda dayanıqlı sülhə aparan yolda mühüm siyasi hadisə oldu. Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vaşinqton görüşünün nəticəsi olaraq Donald Trampın şahidliyi ilə Birgə Bəyannamə imzalandı. Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin və sülhün qurulmasına dair Sazişin mətni paraflandı.

Prezident İlham Əliyev BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının səksən ikinci sessiyasının iştirakçılarına müraciətində sülhə gətirib çıxaran qətiyyətli və sarsılmaz yol barədə danışıb, sözügedən mötəbər tribunadan Azərbaycanın yeni bir dövrə qədəm qoyduğunu dünyaya bəyan edib: “2021-ci ildə bu mötəbər qurumda ilk dəfə çıxış etdikdən sonra, Cənubi Qafqazda dərin transformasiya baş vermişdir. Azərbaycan özünün suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa etmiş, Ermənistanla sülh gündəliyinə başlamışdır. Ötən ilin avqustunda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın ev sahibliyi ilə keçirilmiş Vaşinqton Zirvə görüşündə Azərbaycan ilə Ermənistan arasında normallaşmada tarixi irəliləyiş əldə olunmuşdur. Bu gün, biz sülhün bəhrəsinin şahidiyik. Azərbaycan ilə Ermənistan arasında ticarət münasibətləri başlamışdır və hazırda, Azərbaycan Ermənistan üçün tranzit çıxışına şərait yaradır. Vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri etimadın qurulmasına töhfə verir”.

Postmünaqişə dövründə də daim sülhü təşviq edən, bu istiqamətdə səylər göstərən Azərbaycan ərazi bütövlüyünü və suverenliyini öz gücünə təmin edən ölkə olaraq bu gün hərtərəfli şəkildə - istər sosial, iqtisadi, istərsə də hərbi sahədə sürətlə inkişaf edir. Dövlətimizin qısa zaman ərzində Qarabağ və Şərqi Zəngəzurda gördüyü işlər və Böyük Qayıdış Proqramını uğurla həyata keçirməsi müstəsna dəyərə malikdir. Azərbaycan işğal zamanı tam dağıdılmış və azad edilmiş ərazilərdə unikal və genişmiqyaslı yenidənqurma layihələrini həyata keçirir. Böyük Qayıdış Proqramı uğurla icra olunur. Dövlət başçısı müraciətində bildirib ki, 80000-dən artıq insan, öz həyatını yenidən qurmaq, doğma yurdlarına qovuşmaq, təhsil almaq və işləmək məqsədilə Qarabağ və Şərqi Zəngəzur bölgələrinə qayıtmışlar. Dövlət başçısı əlavə edib ki, bununla belə, minalar humanitar və inkişaf sahələrində ciddi təhdid olaraq qalır. Asiya və Sakit okean üzrə Komissiyanın əhatə dairəsində olan bir sıra ölkələrdə də mövcud olan mina problemi bu sahədə geniş beynəlxalq əməkdaşlığı zəruri edir. 2020-ci ildə münaqişə başa çatdıqdan sonra, 400-dən artıq azərbaycanlı mülki şəxs mina partlayışları nəticəsində həyatını itirmiş və ya yaralanmışlar.

Prezident İlham Əliyev Azərbaycanın inklüziv və dayanıqlı inkişafını da davam etdirdiyini vurğulayıb. Ölkə başçısı bildirib ki, son iki onillik ərzində, iqtisadiyyatımız təxminən dörd dəfə artmış, yoxsulluq və işsizlik isə təqribən 5 faiz səviyyəsinə düşmüşdür. Sosial müdafiə və infrastruktur sahəsində böyük sərmayələr hazırda sayı 10 milyonu keçmiş əhalimizin rifahını yaxşılaşdırmışdır. Azərbaycan BMT-nin 2030-cu il Gündəliyini milli inkişaf strategiyalarına daxil edərək yoxsulluğun azaldılması, təhsil və səhiyyə sahələrində nailiyyətlər qazanaraq, heç kəsi diqqətdən kənarda qoymamaq prinsipinə qəti şəkildə sadiq çıxdığımızı əks etdirən könüllü milli hesabatlarını dövri olaraq təqdim edərək, Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında böyük tərəqqi əldə etmişdir.

Onu da qeyd edək ki, beynəlxalq ictimaiyyətin Azərbaycanın xarici siyasətinə artan etimadı, ölkənin qlobal arenada etibarlı tərəfdaş, prinsipial mövqeyə malik dövlət və regional söz sahibi kimi nüfuzunun güclənməsi ilə xarakterizə olunur. Ölkəmizin Türk Dövlətləri Təşkilatında və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə sədrliyi, onun D8 - İqtisadi Əməkdaşlıq Təşkilatına, Mərkəzi Asiyada dövlət başçılarının məşvərətçi görüşlərinə qəbul olunması və COP29 tədbirinə uğurla ev sahibliyi beynəlxalq ictimaiyyətin Azərbaycanın xarici siyasətinə artan etimadının təzahürüdür.

Prezident İlham Əliyev müraciətinin sonunda məmnunluqla qeyd edib ki, Azərbaycan gələn ay Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi edəcək: “Genişmiqyaslı yenidənqurma və dayanıqlı şəhərsalma işlərində iştirak edən ölkə kimi, biz sessiyada öz təcrübəmizi bölüşməyi və ən yaxşı qlobal təcrübələrlə tanış olmağı arzulayırıq. Mən hamınızı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak etməyə dəvət edirəm”.

Sevinc Azadi, “İki sahil”