20 aprel 2026 22:36
136

Kir Starmer səfir qalmaqalına görə məsuliyyəti Xarici İşlər Nazirliyinin üzərinə qoyub

Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ-yə səfir təyinatı ilə bağlı qalmaqalda məsuliyyəti Xarici İşlər Nazirliyinin rəsmilərinin üzərinə qoyub.

“İki sahil” xəbər verir ki, Kir Starmer bildirib ki, Piter Mandelson haqqında vacib məlumatlar ondan gizlədilib. Baş nazirin sözlərinə görə, bu məlumatlar açıqlansaydı, o, təyinata razılıq verməzdi.

Parlamentdə çıxış edən Starmer qeyd edib ki, nazirlik rəsmilərinin təhlükəsizlik yoxlamaları ilə bağlı mənfi tövsiyəni nəzərə almaması və bu barədə hökumətin yüksəksəviyyəli üzvlərinə məlumat verməməsi qəbuledilməzdir. Onun sözlərinə görə, belə yanaşma ölkədə idarəetmə və hesabatlılıq prinsiplərinə ziddir. Starmer bu cür halların təkrarlanmaması üçün müvafiq qaydaların sərtləşdirildiyini də vurğulayıb.

Qeyd edək ki, Piter Mandelson cinsi cinayətlərə görə məhkum olunan və sonradan həbsxanada intihar edən milyarder Cefri Epşteynlə əlaqələrinə dair məktubların üzə çıxmasından sonra ötən ilin sentyabrında vəzifədən uzaqlaşdırılıb.