21 aprel 2026 12:11
105

BDU və Pekin Kimya Texnologiyası Universiteti “Kimya” ixtisası üzrə ikili diplom proqramına dair müqavilə imzalayıb

Bakı Dövlət Universiteti (BDU) və Çin Xalq Respublikasının Pekin Kimya Texnologiyası Universiteti (PKTU) arasında “Kimya” ixtisası üzrə bakalavriat səviyyəsində ikili diplom proqramına dair müqavilə imzalanıb. “İki sahil” xəbər verir ki, sənədi BDU-nun rektoru Elçin Babayev və PKTU-nun prezidenti Tan Tianvei imzalayıblar. İmzalanma mərasimində Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey də iştirak edib.
Sözügedən ikili diplom proqramı ali təhsilin məzmununun təkmilləşdirilməsi, tədrisin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması və universitetlərin beynəlxalq elm və təhsil məkanında rəqabət qabiliyyətinin artırılması istiqamətində həyata keçirilən məqsədyönlü fəaliyyətin mühüm nəticəsidir. Tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən, “Kimya” ixtisası üzrə bakalavriat səviyyəsində birgə tədris proqramı həyata keçiriləcək, proqram beynəlxalq akademik standartlara uyğunlaşdırılacaq və tələbələrə hər iki universitetin diplomunu əldə etmək imkanı yaradılacaq. Bu əməkdaşlıq müasir əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına xidmət edəcəkdir.