21 aprel 2026 13:48
117

İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər qəbul edilib

Milli Məclisin aprelin 21-də keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər də müzakirələrdən sonra qəbul edilib.

 “İki sahil” xəbər verir ki, yeni qanun layihəsinə əsasən, dilənçiliklə məşğul olmağa görə xəbərdarlıq ediləcək, yaxud yüz manatdan iki yüz manatadək məbləğdə cərimələnəcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on günədək müddətə inzibati həbs tətbiq olunacaq.

Yetkinlik yaşına çatmayan şəxsin dilənçiliyə cəlb edilməsinə görə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunacaq.

Qanun layihəsinə əsasən, həmçinin təhsil, tibb, mədəniyyət, sosial xidmət, penitensiar müəssisələrinin işçiləri və ya valideynlər tərəfindən uşaqda zorakılıq əlamətləri aşkar edildikdə bu barədə hüquq mühafizə orqanlarına məlumat verilməməsinə görə həm fiziki şəxslər, həm vəzifəli şəxslər üçün cərimələr müəyyən edilir. Eyni zamanda, müvafiq müəssisələrdə uşaqlar arasında davamlı təzyiqin və aqressiv davranışın qarşısının alınmamasına görə də cərimələr nəzərdə tutulur. Valideynlər və müvafiq işçilər tərəfindən tərbiyə məqsədilə uşağa qarşı cismani cəzanın, yəni fiziki və psixoloji zorakılığın tətbiq edilməsinə görə də cərimə müəyyən edilir.