22 aprel 2026 21:48
131

Kocaelidə Azərbaycanın biznes və investisiya imkanları tanıdılıb

Türkiyənin Kocaeli şəhərində Azərbaycanın bu ölkədə ticarət nümayəndəsi aparatının və Kocaeli Ticarət Palatasının birgə təşkilatçılığı ilə respublikamızda investisiya imkanları mövzusunda görüş keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iş adamlarının geniş iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi Tamerlan Tağıyev və Kocaeli Ticarət Palatasının rəhbəri Necmi Bulut çıxış edərək iki ölkə arasında iqtisadi münasibətlərin dinamik inkişaf etdiyini vurğulayıblar. Çıxışlarda Azərbaycanın əlverişli biznes və investisiya mühiti, sahibkarlara təqdim olunan güzəştlər, sənaye zonaları, logistika imkanları, eləcə də qeyri-neft sektorunda reallaşdırılan layihələr barədə məlumat verilib.

Tədbir çərçivəsində mövzu ilə bağlı təqdimatlar keçirilib, Azərbaycan iqtisadiyyatının prioritet istiqamətləri, ixrac imkanları və investorlara yaradılan şərait iştirakçıların diqqətinə çatdırılıb. Eyni zamanda, tədbirdə iştirak edən iş adamlarının sualları cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində bir sıra müəssisələrin fəaliyyəti ilə tanışlıq olub.