22 aprel 2026 23:58
131

Şahbuzda tibbi aksiya: 63 sakin müayinə olunub

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Şahbuz Rayon Mərkəzi Xəstəxanasının ixtisaslı həkim briqadası Biçənək Kənd Tibb Məntəqəsində tibbi müayinə təşkil edib.

Nazirliyin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, aksiya çərçivəsində müxtəlif sahələr üzrə müayinələr aparılıb. Belə ki, 16 pediatrik, 10 cərrahi, 12 terapevtik, 13 laborator, 6 kardiorevmatoloji və 6 ginekoloji müayinələr həyata keçirilib. Ümumilikdə 63 nəfər tibbi müayinədən keçib, müraciət edən şəxslərə müvafiq tibbi məsləhətlər verilib və zəruri hallarda müalicə təyin olunub.

Bu cür tibbi müayinə aksiyalarının təşkili səhiyyə sahəsində həyata keçirilən dövlət siyasətinin mühüm və prioritet istiqamətlərindən biri olmaqla, əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən mərhələdə aşkarlanması, vaxtında müalicəyə cəlb olunma imkanlarının artırılması və profilaktik tədbirlərin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.