Aprelin 23-də AMEA-nın Əsas binasında Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türkoloji Qurultay – 100” mövzusunda respublika elmi konfransı keçirilib.
“İki sahil” xəbər verir ki, tədbir çərçivəsində Dilçilik İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunmuş “1926-cı il I Türkoloji Qurultay: tarixi zəmində, arxiv sənədlərində, milli mətbuatda” adlı kitabın təqdimatı da olub. Qeyd edək ki, nəşrin müəllifi Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, elmi redaktoru Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, rəyçisi isə Türk Dil Qurumunun başqanı, professor Osman Mertdir.
Respublika elmi konfransını giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bir əsr öncə Türk dünyasının ən mötəbər elm hadisələrindən olan Türkoloji Qurultayın tarixi əhəmiyyətindən bəhs edib. O, Prezidenti İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 2025-ci il 22 oktyabr tarixli Sərəncamının ortaq tarixi köklərə və milli-mənəvi dəyərlərə malik olan Türk xalqlarının qarşılıqlı əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsi üçün böyük perspektivlər açdığını vurğulayıb. Akademik İsa Həbibbəyli sözgüdən Sərəncamın icrası ilə əlaqədar Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin ölkəmizdə və dünyada yüksək səviyyədə qeyd olunduğunu bildirib. Qeyd edib ki, dövlət başçısının Türk dünyasının strateji hədəfləri ilə bağlı irəli sürdüyü baxışların gerçəkləşməsinə və möhkəmlənməsinə xidmət edən bu tədbirlər türk birliyinin daha da gücləndirilməsinə, alimlərin əməkdaşlığının dərinləşməsinə və müştərək elmi tədqiqatların inkişafına sanballı töhfələr verir. Məhz bu məqamlar Türk dünyası üçün müəyyənləşdirilmiş strateji hədəflərin mahiyyətini təşkil edir.
Akademik İsa Həbibbəyli Türkoloji Qurultayın 100 illik yubileyinin təntənəli şəkildə keçirilməsi məqsədilə AMEA-nın Rəyasət Heyəti tərəfindən qərar qəbul olunduğunu və Tədbirlər Planının təsdiq edildiyini bildirib. O, Qurultayın 100 illiyinə həsr olunmuş ilk tədbirin ötən il sentyabrın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının və Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun tərkibinə daxil olan Türk Dil Qurumunun birgə təşkilatçılığı ilə AMEA-nın Rəyasət Heyətinin binasında baş tutduğunu söyləyib.
AMEA rəhbəri cari ilin fevralında isə Qurultayın 100 il öncə baş tutduğu Rəyasət Heyətində “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfransın açılışının olduğunu diqqətə çatdırıb. Bildirib ki, beynəlxalq konfransda Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Rusiya, Macarıstan, Almaniya, Polşa və Gürcüstanı təmsil edən dilçilər, tarixçilər, etnoqraflar, ədəbiyyatşünaslar və mədəniyyət tədqiqatçıları türkologiya elminin aktual problemlərini müxtəlif elmi məktəblərin baxış bucağından təqdim ediblər. Məruzələrdə Birinci Türkoloji Qurultayın elmi irsi sistemli şəkildə yenidən dəyərləndirilib, müasir türkoloji tədqiqatlar üçün yeni metodoloji yanaşmalar irəli sürülüb. O, həmçinin Beynəlxaq Türk Akademiyası tərəfindən may ayının sonlarında Astanada Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş tədbirin keçiriləcəyini, iyun ayında isə Səmərqənddə Qurultayla bağlı konfransın təşkil olunacağını söyləyib. AMEA prezidenti, bundan başqa, cari ilin sentybarında Türk Dil Qurumu tərəfindən Macarıstanda Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunacağını bildirib. Akademik İsa Həbibbəyli Qurultayın yubileyinə həsr olunmuş tədbirlərin il sonuna kimi davam edəcəyini diqqətə çatdırıb.
Bugünkü konfransın türkologiya elminin tarixi yaddaşının qorunması və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından elmi əhəmiyyətini vurğulayan akademik İsa Həbibbəyli türkologiyanın Türk dünyasını öyrənən elm olduğunu söyləyib. Qeyd edib ki, Milli Elmlər Akademiyasında Türk dünyası ilə bağlı önəmli tədqiqatlar aparılır, AMEA-nın elmi müəssisə və təşkilatlarında bu istiqamətdə bir çox şöbələr fəaliyyət göstərir və Türk dünyasının elmi qurumları ilə əlaqələr daha da genişləndirilir. O, Akademiyanın Fəlsəfə və Sosiologiya İnstitutunda “Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi”, eləcə də Memarlıq və İncəsənət İnstitutunda “Türk sənət tarixi və mədəni irsi” şöbələrinin yaradıldığını diqqətə çatdırıb. AMEA rəhbəri, bundan başqa, Tarix və Etnologiya İnstitutunda Türk dünyasının ortaq tarixi, mədəniyyəti, etnoqrafik xüsusiyyətləri və müasir inkişaf mərhələlərinin tədqiqi ilə məşğul "Türk xalqlarının tarixi və etnologiyası" şöbəsinin fəaliyyət göstərdiyini deyib. Folklor İnstitutunda isə “Türk xalqlarının folkloru” şöbəsinin yeni formatda təşkil olunduğunu söyləyib.
“Türk dünyası ilə əlaqələrdə yeni addımların atılması Türkoloji Qurultayın çağırışlarından biri idi”, - deyən akademik İsa Həbibbəyli vurğulayıb ki, bu gün Türk dünyasında dil, tarix, mədəni irs, terminologiya və təhsil sahələrində aparılan inteqrasiya proseslərinin ideya kökləri məhz həmin tarixi toplantıya gedib çıxır.
AMEA prezidenti ictimaiyyətə təqdim olunan “1926-cı il I Türkoloji Qurultay: tarixi zəmində, arxiv sənədlərində, milli mətbuatda” kitabının məziyyətlərindən də bəhs edib. Bildirib ki, nəşrdə həmin dövrün tarixi konteksti, 100 il keçməsinə baxmayaraq, tədqiq olunmayan arxiv sənədləri və mətbuat materiallarının xronoloji ardıcıllıqla transkripsiyası, seçmə tərcümələri və elmi şərhləri verilib. Azərbaycan elmi mühitinin yaddaşına həkk olunacaq bu kitabda Türkoloji Qurultayın siyasi, iqtisadi, sosial və mədəni mənzərəsini geniş şəkildə əks etdirən qiymətli sənədlər, protokollar, məruzə və çıxış mətnləri, rəsmi teleqramlar sistemli şəkildə araşdırılıb.
Daha sonra Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli çıxış edərək bildirib ki, Birinci Türkoloji Qurultay türkologiya tarixində mühüm mərhələ olmaqla yanaşı, Türk xalqlarının qarşılıqlı əlaqələri, eləcə də onların gələcək inkişaf perspektivləri baxımından əhəmiyyətli elmi-mədəni platforma kimi çıxış edir. Bu Qurultay həm də müxtəlif tarixi-siyasi proseslər fonunda Türk dünyası üçün ortaq elmi-mədəni dialoq məkanı formalaşdırıb.
Alim vurğulayıb ki, Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illiyi ilə bağlı imzaladığı Sərəncam Türk dünyasının elmi-mədəni irsinə, alim və ziyalılarına göstərilən yüksək dövlət qayğısının və ehtiramın bariz ifadəsidir. Onun sözlərinə görə, bu təşəbbüs yalnız tarixi hadisənin qeyd olunması deyil, eyni zamanda Türk xalqları arasında elmi əməkdaşlığın genişləndirilməsi, ortaq mədəni dəyərlər əsasında inteqrasiyanın gücləndirilməsi və intellektual həmrəyliyin dərinləşdirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Professor Nadir Məmmədli əlavə edib ki, Birinci Türkoloji Qurultay Orta Asiya türk dillərinin öyrənilməsi prosesində mövcud olan metodoloji problemlərin və elmi boşluqların üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Konfransın məruzələri göstərir ki, əvvəlki mərhələlərdə bu dillərlə bağlı toplanmış materiallar əsasən ayrı-ayrı tədqiqatçılar tərəfindən fərdi şəkildə işlənilib, lakin vahid elmi sistem çərçivəsində mərkəzləşdirilməyib. Bu isə, Orta Asiya türk dillərinin tarixi əlaqələrinin və dialektoloji xüsusiyyətlərinin tam və sistemli şəkildə araşdırılmasını məhdudlaşdırıb.
Direktor bildirib ki, Qurultayın ümumi nəticələrinə əsasən, türkoloji elmin inkişafı üçün mərkəzləşdirilmiş tədqiqat platformalarının formalaşdırılması və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi zəruridir. Eyni zamanda, hər bir bölgənin dialekt və şivələrinin sistemli şəkildə öyrənilməsi, müqayisəli tarixi qrammatikanın hazırlanması və etnoqrafik materialların kompleks şəkildə sistemləşdirilməsi əsas elmi prioritetlər kimi müəyyənləşdirilib.
Müəllifi olduğu “1926-cı il I Türkoloji Qurultay: tarixi zəmində, arxiv sənədlərində, milli mətbuatda” adlı kitab haqqında da məlumat verən professor Nadir Məmmədli qeyd edib ki, əsər həmin günlərin nəfəsini, o zaldakı səslərin titrəyişini, tribunadan səslənən hər bir fikrin ardında gizlənən tarixi yükü anlamaq üçün yazılıb. Nəşrdə Qurultay sovet məkanında türk dillərinin gələcək inkişafı, yazı sisteminin transformasiyası və mədəni inteqrasiya mexanizmləri ilə bağlı strateji qərarların formalaşdırıldığı rəsmi platforma kimi təhlil edilir, tarixi-funksional mahiyyəti, türkoloji istiqamətdə yaratdığı mədəni nəticələr sistemli şəkildə araşdırılır. Məqsəd təkcə hadisələrin ardıcıllığını əks etdirmək deyil, eyni zamanda bunun arxasında dayanan tarixi-siyasi məzmunu, ideoloji istiqamətləri analitik şəkildə açıqlamaqdır.
Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli “Bəkir Çobanzadə və Türkoloji Qurultay”, professor Sayalı Sadıqova” Türkoloji Qurultayda termin yaradıcılığı prosesinin istiqamətləri”, professor ismayıl Kazımov “Türkoloji Qurultayın türkologiyanın sonrakı inkişafına təsiri”, filologiya elmləri doktoru Qətibə Quliyeva “Türkoloji Qurultayda Türk dillərinin tarixi və qədim yazılı abidələrin tədqiqinə elmi-metodoloji yanaşma”, filologiya elmləri doktoru Şəbnəm Həsənli Qəribova “Teodor Manzel və Türkoloji Qurultay” mövzusunda məruzələrlə çıxış ediblər.
Məruzələrdə Qurultayın Türk xalqlarının mədəni inteqrasiyasında yeni mərhələnin təməlini qoymuş diqqətəlayiq hadisə olduğu vurğulanıb. Bildirilib ki, səkkiz gün davam edən mötəbər tədbirdə müxtəlif ölkələrdən 131 nümayəndə iştirak edib, 17 iclas keçirilib, yeddi əsas problem müzakirə olunub və ümumilikdə 38 məruzə dinlənilib. Qurultayda müzakirəyə çıxarılan ortaq türk xalqlarının dili, tarixi və ədəbiyyatı məsələləri bu gün də öz aktuallığını qoruyub saxlayır.
Sonda professorlar İlhami Cəfərov, Sevil Mehdiyeva, Fərrux Rüstəmov çıxış edərək Birinci Türkoloji Qurultayın böyük intellektual platforma kimi çıxış edərək, dil, əlifba, maarifçilik və mədəni irs məsələlərini sistemli şəkildə gündəmə gətirdiyini söyləyiblər. Çıxışlarda qeyd olunub ki, Qurultay Türk dünyasının zəngin keçmişinə istinad edib, eyni zamanda gələcək barədə düşünmək, ortaq strateji baxışlar və mədəni həmrəyliyin əsaslarını müəyyənləşdirmək baxımından mühüm nəticələrlə yadda qalıb.
Gəncədə “Azərbaycan mədəniyyətinin inkişafında folklorun əhəmiyyəti” mövzusunda seminar keçiriləcək
Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət qarşılayacaq