Uzun illərdir Türkmənistan qazının Xəzər dənizi vasitəsilə Türkiyəyə, oradan da Avropaya nəqli üçün boru kəmərinin tikintisini müzakirə edirik. Biz bunu mütləq həyata keçirməliyik.
“İki sahil” xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.
O, böhranları yeni enerji resurslarının tədarük marşrutlarının formalaşdırılması üçün bir şans adlandırıb və bunun Türkiyəni “enerji qovşağı”na çevrilməsi hədəfinə yaxınlaşdırdığını bildirib.
Energetika Nazirliyinin rəhbəri “İraq–Türkiyə” neft kəmərinin Bəsrə liman şəhərinədək uzadılması təşəbbüsünü də xatırladıb.
“Bundan əlavə, Ankarada Qətərdən Türkiyəyə qaz kəmərinin çəkilməsinin tərəfdarıyıq. Bu layihəni də mühüm hesab edirik”, – deyə nazir bildirib.
Nazir ölkələr arasında elektrik enerjisinin axını ilə bağlı layihələrə də diqqət çəkib.
O xatırladıb ki, ötən ilin aprelində Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan Bakıda ekoloji təmiz enerjinin ötürülməsi və satışı məqsədilə “Yaşıl enerji dəhlizi”nin yaradılmasına yönəlmiş qarşılıqlı anlaşma memorandumu imzalayıblar.
“Bakıda əldə olunmuş razılaşma sayəsində Azərbaycanda istehsal olunan yaşıl enerjinin Avropaya nəqlini təmin edəcəyik. Biz həmçinin region ölkələrinin iştirakı ilə Səudiyyə Ərəbistanından Türkiyə istiqamətində inteqrasiya olunmuş elektrik ötürücü xətt üzərində də işləyirik”, – deyə A.Bayraktar əlavə edib.