28 aprel 2026 12:27
172

WUF13-ün təşkilində dayanıqlılıq, karbon izinin azaldılması və ekoloji idarəetmə istiqamətində mühüm əməli addımlar artıq həyata keçirilib

WUF13-ün təşkilində dayanıqlılıq yanaşması layihənin başlanğıc mərhələsindən əsas prinsip kimi nəzərə alınıb. Bu çərçivədə həm müasir dayanıqlılıq standartlarına, həm də yerli memarlıq mühitinə uyğun olan, təkrar emal edilə bilən və enerji baxımından səmərəli materiallardan istifadə olunur. ISO 20121 standartının tətbiqi çərçivəsində WUF13-ün təşkilində dayanıqlılıq, karbon izinin azaldılması və ekoloji idarəetmə istiqamətində bir sıra mühüm əməli addımlar artıq həyata keçirilmişdir.

Bu fikirləri WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Məzmun və Media Əlaqələri üzrə Baş Meneceri Eldar Rəsulov “İki sahil” qəzetinə müsahibəsində bildirib.

O diqqətə çatdırıb ki, tədbirin planlaşdırılması və icrası proseslərinə dayanıqlılıq prinsipləri əlavə komponent kimi deyil, idarəetmənin kəsişən funksiyası kimi inteqrasiya edilmişdir. WUF13 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən tədbirin Dayanıqlılıq Siyasəti hazırlanmış, həmçinin əsas əməliyyat istiqamətləri üzrə əsas fəaliyyət göstəriciləri (KPI-lər), monitorinq və hesabatlılıq mexanizmləri müəyyənləşdirilmişdir. Tədbirin karbon izinin müxtəlif mərhələləri üzrə hesablanması məqsədilə metodoloji çərçivə formalaşdırılmış və müvafiq məlumatların toplanması prosesi başladılmışdır.

Eldar Rəsulov qeyd edib ki, tədbirin elektrik təchizatının bərpa olunan enerji mənbələrindən təmin edilməsi istiqamətində fəaliyyətlərin təşkili məqsədilə “AzerEnerji” ASC ilə əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Bununla yanaşı, enerji istifadəsi nəticəsində yaranacaq emissiyaların azaldılması məqsədilə tələb olunan hallarda dizel yanacağı əvəzinə HVO (hidrogenləşdirilmiş bitki yağı əsaslı alternativ yanacaq) kimi daha az emissiyalı həllərdən istifadə nəzərdə tutulmuşdur.

Həmsöhbətimiz əlavə edib ki, tullantıların çeşidlənməsi, təkrar emala yönləndirilməsi, utilizasiyası və hesabatlı idarə olunması məqsədilə “Təmiz Şəhər” ASC ilə tərəfdaşlıq qurulmuş və bu sahədə müvafiq memorandum imzalanaraq tədbirin tullantı idarəetmə sisteminin strukturlaşdırılması təmin edilmişdir.

E.Rəsulovun sözlərinə görə, əməkdaşlar, strateji təchizatçılar, dövlət qurumları və könüllülər üçün dayanıqlı tədbir idarəçiliyi, resurs səmərəliliyi və dayanıqlı davranış mövzularında geniş məlumatlandırma sessiyaları keçirilmiş, maraqlı tərəflərin dayanıqlılıq prioritetlərinin nəzərə alınması və onların prosesə sistemli şəkildə cəlb olunması istiqamətində institusional yanaşma formalaşdırılmışdır. Təchizat və satınalma proseslərinə dayanıqlılıq prinsiplərinin inteqrasiyası təmin edilmiş, strateji təchizatçılar üzrə məlumat toplama və hesabatlılıq mexanizmləri tətbiq edilmişdir. Eyni zamanda, ISO 20121 standartının tələblərinə uyğun olaraq tədbirin dayanıqlılıq üzrə risk və imkanlarının müəyyənləşdirilməsi istiqamətində sistemli yanaşma tətbiq edilmiş, enerji və resurs istifadəsi, tullantıların idarə olunması və təchizat zəncirində dayanıqlılıq prinsiplərinin tətbiqi üzrə idarəetmə mexanizmləri formalaşdırılmışdır. Bununla yanaşı, tədbirin uzunmüddətli təsirinin gücləndirilməsi məqsədilə irs təşəbbüslərinin müəyyənləşdirilməsi və həyata keçirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir.

Yaqut Ağaşahqızı, “İki sahil”