28 aprel 2026 14:24
147

İİTKM-in "İqtisadi islahatlar" jurnalı “ZDB” indeksinə daxil edilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təsis etdiyi "İqtisadi islahatlar" jurnalı dünyada ən böyük və ən əhatəli elmi məlumat bazalarından biri olan “Zeitschriftendatenbank” (ZDB) tərəfindən indeksləşdirilib. Bu, jurnalın beynəlxalq miqyasda tanınmasını və Azərbaycanın elmi irsinin qlobal inteqrasiyasını təmin edəcək.

“İki sahil” xəbər verir ki, “ZDB” Almaniyanın və dünyanın ən geniş elektron kataloqlarından biri kimi 19-cu əsrdən bu günə qədər yayımlanan elmi jurnallar, dövri nəşrlər və digər mənbələri özündə cəmləyir. Avropa, Asiya, Amerika, Afrika və Okeaniya daxil olmaqla geniş coğrafiyanı əhatə edən nəhəng elmi məlumat bazasında 1500-cü ildən bu günə qədərki datalar var.

"İqtisadi islahatlar" jurnalının “ZDB” bazasında indekslənməsi jurnalın yalnız Azərbaycanın deyil, qlobal miqyasda da tanınmasına və nəzərə alınmasına səbəb olacaq. Bu, Azərbaycan elminin beynəlxalq aləmdəki mövqeyini möhkəmləndirəcək və tədqiqatçıların dünya səviyyəsində daha geniş bir auditoriyaya çatmasını təmin edəcək. “ZDB” indeksasiyasının əldə edilməsi "İqtisadi İslahatlar" jurnalının akademik keyfiyyətini və elmi qiymətləndirmə prosesinin müstəqilliyini təsdiqləyir.