"Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, ölkənin mühüm suvarma infrastrukturu layihələrindən biri olan Şirvan suvarma kanalının yenidən qurulması həyata keçirilir."
Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən Qəbələ rayonunda yerləşən Yengicə su anbarının tikintisi və Şirvan suvarma kanalının yenidən qurulması layihəsinin Ağsu rayonundan keçən hissəsində həyata keçirilən iri həcmli işlərlə yerində tanışlıq məqsədilə təşkil olunan mediatur zamanı ADSEA-nın nümayəndəsi Akif Quliyev deyib.
A.Quliyev məlumat verib ki, hazırda istifadə olunan Yuxarı Şirvan kanalı 1958-ci ildə istismara verilib: "Başlanğıcını Mingəçevir su anbarından götürən kanalın uzunluğu 122 kilometr, maksimal su sərfi isə saniyədə 78 kubmetr təşkil edib.
Ölkənin ikinci ən böyük suvarma kanalı olan Yuxarı Şirvan kanalı Şirvan düzündə yerləşən 8 rayonun 112 min hektardan artıq əkin sahəsinin suvarma suyu ilə, eləcə də yaşayış məntəqələrinin məişət suyu ilə təmin olunmasında mühüm rol oynayır. Kanalın 65 ildən artıq müddətdə fasiləsiz istismarı nəticəsində aparılan əsaslı təmir işlərinə baxmayaraq, torpaq məcrasında baş verən dəyişikliklər və hidrotexniki qurğuların istismar imkanlarının azalması su itkilərinin artmasına səbəb olub.
Bu baxımdan, Şirvan suvarma kanalının müasir tələblərə uyğun yenidən qurulması ölkənin suvarma infrastrukturunun təkmilləşdirilməsi, su itkilərinin azaldılması və əkin dövriyyəsinin genişləndirilməsi üçün xüsusi əhəmiyyət daşıyır.
ADSEA rəsmisi bildirib ki, layihənin əsas məqsədi Yevlax, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Ağsu, Zərdab, İsmayıllı, Şamaxı və Hacıqabul rayonlarında yerləşən əkinə yararlı torpaq sahələrinin su təminatının yaxşılaşdırılmasıdır:
"Layihə çərçivəsində yeni suvarma sistemlərinin yaradılması hesabına 105 950 hektar torpaq sahəsinin əkin dövriyyəsinə cəlb olunması nəzərdə tutulur.
Ümumi uzunluğu 204 km olan yeni Şirvan suvarma kanalının 163,3 km hissəsinin dəmir-beton üzlüklə, ötürmə xəttinin 18 km hissəsinin monolit beton üzlüklə, 23 km hissəsinin isə torpaq kanal olaraq inşası nəzərdə tutulur. Kanalın maksimal sugötürmə qabiliyyəti saniyədə 180 kubmetr təşkil edəcək. Kanal boyunca müvafiq hidrotexniki qurğuların da tikintisi həyata keçirilir."
A.Quliyev qeyd edib ki, Sərəncamın icrasına uyğun olaraq, Şirvan suvarma kanalının yenidən qurulması layihəsinin icrasına 2024-cü ildə başlanılıb: "Hazırda tikinti işləri 4 mərhələ üzrə davam etdirilir. Layihə çərçivəsində inşası nəzərdə tutulan 171 ədəd müxtəlif təyinatlı hidrotexniki qurğudan 110-da tamamlama işləri aparılır. Birinci mərhələ üzrə tikinti-quraşdırma işləri 83%, II mərhələ üzrə 56%, III mərhələ üzrə 49%, IV mərhələ üzrə isə 60% icra olunub. Ümumilikdə, 204 km uzunluğunda olacaq kanalın 134 km hissəsində qazıntı işləri görülüb, 113 km hissəsi beton üzlüyə alınıb.
Layihənin 2027-ci ildə başa çatdırılması nəzərdə tutulur."
Orxan Vahidoğlu, 'İki sahil"