29 aprel 2026 01:59
113

Süni intellektdə yeni dövr

“OpenAI” insan səviyyəsinə yaxınlaşır?

Sam Altmanın rəhbərlik etdiyi “OpenAI” şirkəti süni intellektlə bağlı missiya bəyanatını yeniləyib və insan səviyyəsində süni intellektə çatmaq üçün əsas istiqamətləri açıqlayıb.

Şirkətin rəsmi saytında dərc olunan yeni sənəddə ümumi süni intellektin (AGI- Artificial General Intelligence) bütün bəşəriyyətə fayda verməsini təmin etmək məqsədilə beş əsas prinsip müəyyənləşdirilib. Bu prinsiplər arasında texnologiyanın daha geniş kütlələr üçün əlçatan olması, istifadəçilərin imkanlarının artırılması, təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi, institutların uyğunlaşma qabiliyyətinin inkişafı və genişmiqyaslı süni intellekt infrastrukturunun qurulması yer alır.

Altman bildirib ki, gələcəkdə süni intellekt üzərində nəzarət ya az sayda böyük şirkətin əlində cəmləşə, ya da daha geniş şəkildə cəmiyyətə yayıla bilər. Onun sözlərinə görə, ikinci model daha məqsədəuyğundur və əsas hədəf AGI-ni mümkün qədər çox insan üçün əlçatan etməkdir.

Yeni yanaşmada diqqət çəkən məqamlardan biri də riskli hesab edilən texnologiyaların gizlədilməsi siyasətindən qismən uzaqlaşmaqdır. Altman qeyd edir ki, bu cür modelləri tam məhdudlaşdırmaq əvəzinə, onları istifadəyə verərək real dünya ilə qarşılıqlı təsirdən öyrənmək daha effektiv yanaşmadır.

Bu açıqlamalar fonunda “OpenAI” şirkəti yaxın zamanda ən güclü modellərindən biri kimi təqdim etdiyi “GPT-5.5” sistemini də istifadəyə verib. Şirkət bu modeli “yeni bir zəka sinfi” kimi xarakterizə edir. Bildirilir ki, model onlayn araşdırma və məlumat analizi kimi mürəkkəb tapşırıqları minimum insan müdaxiləsi ilə yerinə yetirə bilir.

Şirkətin həmtəsisçisi Greg Brockman isə modelin əsas üstünlüyünün daha az istiqamətləndirmə ilə daha çox işi yerinə yetirə bilməsində olduğunu vurğulayıb. Onun sözlərinə görə, sistem mürəkkəb və çoxmərhələli tapşırıqları daha müstəqil şəkildə icra edə bilir: “Hazırda bu model əsasən premium istifadəçilər üçün əlçatandır. İlk istifadəçilər isə sistemin insan səviyyəsinə yaxınlaşdığını iddia edirlər.”

Şahnigar Əhmədova, “İki sahil”