28 aprel 2026 23:15
111

Prezident İlham Əliyevin sülh siyasətinə verilən beynəlxalq dəyər

Ötən il Vaşinqton şəhərində baş tutmuş tarixi Zirvə Görüşündə sülh sazişi mətninin paraflanmasından sonra Azərbaycanla Ermənistan arasında normallaşma istiqamətində mühüm addımlar atılıb. Bu gün artıq Azərbaycanın neft məhsulları, üçüncü ölkələrdən taxıl və digər məhsullar ölkəmizin ərazisindən keçməklə Ermənistana ixrac edilir. Dövlət səviyyəsində atılan addımlarla yanaşı, vətəndaş cəmiyyətinin nümayəndələri arasında da mütəmadi görüşlər təşkil olunur ki, bu da  prosesə töhfəsini verir. Üstəlik, beynəlxalq nəqliyyat və tranzit marşrutlarının şaxələndirilməsinə xidmət göstərəcək “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu”nun (TRIPP) – Zəngəzur dəhlizinin də əsası qoyulub. Prezidenti İlham Əliyevin bildirdiyi kimi, Azərbaycanın və Ermənistanın nümunəsi göstərir ki, uzunmüddətli münaqişəyə, iztirablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, güclü siyasi iradə və beynəlxalq dəstək mövcud olduqda sülh əldə etmək mümkündür.

Şübhəsiz, bütün bunlarda Prezident İlham Əliyevin danılmaz xidmətləri vardır. Belə ki, məhz bu addımlar Prezident İlham Əliyevin illərdir apardığı səbirli, strateji və qətiyyətli siyasətin məntiqi yekunudur. Beynəlxalq ictimaiyyət də dövlətimizin başçısının  əməyini yetərincə dəyərləndirməkdədir. Prezident İlham Əliyevin 26 aprel – Gernika qurbanlarının anım günündə Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyi səylərə görə növbəti mükafata- "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülməsi bunu bir daha təsdiq edir. Şübhəsiz, bu mükafat Azərbaycanın beynəlxalq aləmdəki yerinin necə möhkəmləndiyini göstərməklə yanaşı, Prezident İlham Əliyevin qlobal liderlik mövqeyinin ən yüksək məqama yüksəldiyini, onun Cənubi Qafqaz regionunda sülh gündəliyinin memarı olduğunu, xidmətlərinin qlobal səviyyədə qəbul edildiyini göstərir.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, 1937-ci ildə İspaniyada vətəndaş müharibəsi zamanı Gernika şəhərinin bombalanması böyük dağıntı və itkilərə səbəb olmuşdu: “Onu da vurğulayım ki, Gernikada dinc əhaliyə qarşı törədilmiş amansız cinayət ötən əsrin ən dəhşətli və qanlı səhifələrdən biridir. Bu hadisə Pablo Pikassonun eyniadlı əsərində əks olunub. Məhz bu faciəli tarix səbəbindən Gernika bu gün sülhün və yaddaşın simvolu sayılır, müxtəlif beynəlxalq təşəbbüslər üçün mərkəz rolunu oynayır. Gernika Sülh Mükafatı hər il müxtəlif ölkələrdən olan sülh fəallarına, təşkilatlara və beynəlxalq təşəbbüslərə verilən nüfuzlu bir mükafatdır.

Prezident İlham Əliyev də sülh yolunda atdığı qətiyyətli addımlara görə bu  nüfuzlu mükafata - “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülüb. Dövlətimizin başçısı “Sülh və Barışıq üçün Gernika mükafatı”nın təqdimolunma mərasiminin iştirakçılarına müraciətində qeyd edib ki, Azərbaycan uzun illər münaqişə şəraitində yaşamış bir ölkə kimi sülhün dəyərini dərindən anlayır”.

Milli Məclisin deputatı daha sonra vurğuladı ki, Azərbaycan son 80 ildə tam və mütləq qələbə qazanan yeganə ölkə olub. “Ölkəmiz beynəlxalq hüquqa zidd olan işğala öz daxili potensialı hesabına son qoydu, dünya hərb tarixində görülməmiş texnika ilə və diplomatik çeviklik sayəsində regionda status-kvonu dəyişdi. Tarixi Zəfərdən dərhal sonra müəllifi olduğu sülh gündəliyini irəli sürdü. Amma qarşı tərəf sülhdə manipulyasiyalarla vaxtı uzatmaqla konstruktiv addım atmadı. Ötən il, avqustun 8-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə baş tutmuş tədbirdən sonra Cənubi Qafqazda yeni bir dövr açıldı”.

P. Vəliyevanın sözlərinə görə, bu ilin əvvəlində Prezident İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb:  “Bütün bunlar isə o deməkdir ki, onillliklərlə davam edən münaqişədən sonra regiona sülhü gətirən Azərbaycan artıq beynəlxalq arenada örnək təşkil edir və bu ölkənin həyata keçirdiyi siyasət ən ali mükafatlara layiq görülür. Bu mükafatları həm də Azərbaycanın sülh naminə atdığı addımların dünya ictimaiyyəti tərəfindən qəbul edilməsi kimi dəyərləndirmək olar”.

Qvami Məhəbbətoğlu, “İki sahil”