Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (BMT-Habitat) tərəfindən təşkil edilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü Sessiyası Bakıda 130-dan çox ölkədən on minlərlə iştirakçını bir araya gətirəcək və bununla da onun dayanıqlı urbanizasiya üzrə hərtərəfli platforma statusunu təsdiqləyəcək. Qlobal şəhərsalma gündəliyinin “memarlarına” ev sahibliyi etməklə, Azərbaycan paytaxtı əvvəllər Barselona, Vankuver, Rio-de-Janeyro və Əbu-Dabi kimi şəhərləri əhatə edən əlamətdar bir missiyaya qoşulacaq.
“İki sahil” xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində Hatay Mustafa Kamal Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Nəzrin Əlizadə ifadə edib.
Onun sözlərinə görə, WUF13 təkcə növbəti böyük tədbir deyil, həm də Azərbaycanın qlobal səhnədəki mövqeyinin möhkəmləndirilməsinə töhfədir. Alim ölkəmizdə COP29 iqlim sammitinin uğurlu təşkilini xatırladıb və qeyd edib ki, bu, respublikanın ətraf mühitin qorunması üzrə qlobal səylərə əhəmiyyətli töhfə verməsinə imkan verib.
Türkiyənin universitet müəllimi WUF13-ün Azərbaycanın imicinin artırılması strategiyasında daha bir halqa olacağına əminliyini bildirib. “Bu strategiyanın mahiyyəti ölkəni qlobal normativ çərçivələrin və BMT gündəliyinin formalaşdığı platformalarda nüfuzlu, dəyişikliklərə açıq və məsuliyyətli bir aktor kimi tanıtmaqdır", - deyən N.Əlizadə beynəlxalq əhəmiyyətli tədbirlərin təşkilini ev sahibi ölkəyə bir sıra əsas üstünlüklər verən effektiv diplomatiya nümunəsi adlandırıb.
O diqqətə çatdırıb: “Birincisi, ev sahibi ölkə heç bir maliyyə vəsaiti ilə əldə edilə bilməyən institusional tanınma əldə edir. İkincisi, beynəlxalq nümayəndə heyətlərinin üzvləri ölkə, o cümlədən onun infrastrukturu ilə tanış olmaq imkanı qazanırlar ki, bu da investisiyaları stimullaşdırır. Nəhayət, strateji cəhətdən ən vacib olan amil odur ki, Azərbaycan regionda münaqişədən sonrakı yenidənqurma üçün beynəlxalq model nümayiş etdirir”.
Alim COP29 və WUF13 kimi mötəbər tədbirlərə ev sahibliyi etmək üçün Azərbaycanın seçilməsinin məntiqi xarakterini vurğulayıb: “Bu iki BMT təşəbbüsü bir-birini tamamlayır, beynəlxalq normaların hazırlanması və ölkələrin öhdəliklərini yerinə yetirmək üçün məsuliyyət daşıması üçün platforma rolunu oynayır”.
Ekspert urbanizasiya, mənzil tikintisi, “ağıllı şəhər”lərin yaradılması və davamlı yaşayış məntəqələrinin inkişafı məsələlərinə toxunan WUF13 gündəliyinə xüsusi diqqət çəkib. Bu, ələlxüsus işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işlərinin davam etdiyi Azərbaycan üçün aktualdır.
O bildirib: “Azərbaycan urbanizasiya problemlərinin həllində beynəlxalq model kimi WUF13 platformasında “ağıllı şəhər” layihələrini, yaşıl enerjinin inkişafı təşəbbüslərini və Qarabağ bölgəsinə Böyük Qayıdışı təqdim edə bilər”.
N. Əlizadə əlavə edib ki, “Hamı üçün mənzil: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusunda keçiriləcək WUF13 Sessiyası 2016-cı ildə Ekvadorda keçirilən BMT Şəhərsalma Konfransında (Habitat III) qəbul edilmiş Yeni Şəhərsalma Gündəliyinin həyata keçirilməsinin aralıq mərhələsinə təsadüf edir.
Ekspert bildirib: “Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunin Sessiyası, həmçinin BMT Baş katibi tərəfindən 2026-cı ildə hazırlanacaq aralıq urbanizasiya qiymətləndirmə hesabatının hazırlanmasına töhfə verəcək”.
O, həmçinin WUF13-ün əsas yekun sənədinin - qlobal mənzil böhranının həlli və dayanıqlı şəhər inkişafı gündəliyinin formalaşdırılması üçün öhdəliklərin sürətləndirilməsinə yönəlmiş “Bakı Fəaliyyət Çağırışı”nın aktuallığını vurğulayıb.
Hatay Universitetinin müəllimi bildirib ki, beləliklə, Bakı qlobal şəhərsalmanın inkişafı tarixinə təkcə BMT-nin böyük tədbirinə ev sahibliyi edən şəhər kimi deyil, həm də qlobal normativ sənədin razılaşdırıldığı məkan kimi daxil olacaq.
“Air Serbia”nın Belqrad–Bakı reysi Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanıb
Özbəkistan və Azərbaycan qiymətli metal yataqlarında birgə geoloji kəşfiyyat işlərinə hazırlaşır