05 may 2026 11:07
262

Azərbaycan təhsilinin inkişafında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Ağdaşda silsilə tədbirlərin keçirilməsi davam etdirilir. Növbəti tədbir Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Təhsil sektoru ərazi partiya təşkilatında “Azərbaycan təhsilinin inkişafında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri” mövzusunda baş tutub.

“İki sahil” xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan Təhsil sektoru ərazi partiya təşkilatının sədri Şiraz Alışov müasir Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin ölkə təhsilinin inkişafındakı misilsiz xidmətlərindən bəhs edib. Natiq öz çıxışında Ulu Öndərin müəyyən etdiyi strateji kursun milli təhsil sisteminin formalaşmasındakı tarixi rolunu xüsusi vurğulayıb.

Tədbirdə gənc partiya fəalı Rüfət Məmmədov “Azərbaycan təhsilinin inkişafında ulu öndər Heydər Əliyevin tarixi xidmətləri” mövzusunda geniş və əhatəli məruzə ilə çıxış etmişdir. Məruzəçi qeyd etmişdir ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan təhsilinə göstərdiyi xidmətlər sadəcə müəyyən bir dövrlə məhdudlaşmır. Bu fəaliyyət ölkənin həm sovet dövründəki elmi-intellektual yüksəlişini, həm də müstəqillik illərindəki milli intibahını əhatə edən, uzaqgörən və çoxşaxəli bir dövlət strategiyasıdır.

Məruzə ətrafında çıxış edən Şəhla Hacıbalayeva və Pərvin Rəhimov Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji kursun regionlarda, xüsusilə Ağdaş rayonunda təhsilin intibahına verdiyi böyük töhfələrdən bəhs ediblər. Natiqlər vurğulayıblar ki, Ağdaş təhsili məhz bu daxili siyasətin uğurlu icrası nəticəsində keyfiyyətcə yeni mərhələyə qədəm qoyub və misilsiz nailiyyətlər qazanıb. Çıxışçılar qeyd ediblər ki, son illərdə Heydər Əliyev ideyalarının işığında rayonda genişmiqyaslı quruculuq işləri aparılıb. Onlarla yeni, müasir standartlara cavab verən məktəb binası tikilərək istifadəyə verilib, qəzalı vəziyyətdə olan və ya təmirə ehtiyacı olan tədris ocaqları isə əsaslı şəkildə yenidən qurulub. Bu, həm də məktəblərin ən müasir laboratoriyalar, kompyuter otaqları və idman zalları ilə təmin olunması deməkdir.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov Ulu Öndərin təhsil sahəsindəki tarixi xidmətlərini geniş təhlil edərək bildirib ki, Heydər Əliyev dühası Azərbaycanın xilasını məhz elmin və təhsilin inkişafında görürdü. Natiq vurğulayıb ki, Ümummilli Lider hər zaman müəllim əməyinə, onun cəmiyyətdəki statusuna xüsusi həssaslıqla yanaşıb və "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram" kəlamı ilə bu peşənin müqəddəsliyini dövlət siyasətinin mərkəzinə gətirib. YAP  rayon təşkilatının sədri vurğulayıb ki, Ümummilli Liderin hakimiyyəti illərində müəllimlərin sosial rifahının yüksəldilməsi, onların əməyinin dövlət səviyyəsində mükafatlandırılması prioritet olub. Bu gün də bu ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, müəllimlərin nüfuzu və peşəkarlıq səviyyəsi hər zaman diqqət mərkəzində saxlanılır.