05 may 2026 21:37
312

İsveçrə parlamenti haylara vəkillik edir

“Erməni hüquqlarının qorunması” adı altında edilən çağırışlar korporativ maraqların təcəssümüdür

Qarabağ ermənilərinin "qayıdışı" mövzusu, Ermənistanın təbliğatı diaspor təşkilatları ilə müəyyən dövlətlərin Azərbaycan əleyhinə fəaliyyətləri üçün əsas bir narrativə çevrilib. Bu mövzu həm də Qərbin bəzi dairələrində və Ermənistanla əlaqədar bəzi siyasi oyunçular tərəfindən də dəstəklənir. Son dövrlərdə Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri daha tez-tez müşahidə olunur. Belə ki, İsveçrə parlamenti mütəmadi olaraq Azərbaycanın suverenliyinə hörmətsizlik nümayiş etdirən və ölkəmizin daxili işlərinə müdaxilə edən mövqedən çıxış edir. Xüsusilə, 2023-cü ilin sentyabrında ermənilərin Azərbaycanın Qarabağ bölgəsindpən Ermənistana könüllü köçməsindən sonra isveçrəli qanunvericilər ermənilərin "məcburi qovulması" və onların "qayıdış hüququ" barədə yalan narrativləri irəli sürmək üçün bir vasitəçi rolunu üzərlərinə götürüblər. Onların destruktiv fəaliyyəti 18 mart 2025-ci il tarixində pik həddə çatıb. Həmin vaxt İsveçrə Federal Məclisinin yuxarı palatası olan Kantonlar Şurası "Dağlıq Qarabağ üçün sülh forumu: ermənilərin qayıdış imkanının təmin edilməsi" layihəsini bəyənib. Bu layihə İsveçrə hakimiyyətini "dağlıq qarabağ" nümayəndələri ilə Azərbaycan arasında dialoq üçün ayrıca platforma yaratmağa çağırırdı. 26 may 2025-ci il tarixində bu təşəbbüsün reallaşdırılmasına kömək etmək məqsədilə 19 deputatdan ibarət partiyalararası komissiya fəaliyyətə başlayıb. Komissiyanın iki rəhbərindən biri İsveçrədəki erməni diasporunun əsas lobbiçisi Ştefan Müller-Altermattdır.

Cari ilin fevralın 4-də İsveçrə Milli Şurasının üzvləri Erix Fontobel və artıq adı çəkilən Müller-Altermatt, həmçinin "Beynəlxalq Xristian Həmrəyliyi" (CSI) hüquq müdafiə təşkilatının prezidenti Con Eybner İrəvana gələrək, qondarma "artsaxın Ermənistan Respublikasındakı daimi nümayəndəliyi"ni ziyarət ediblər. Nümayəndə heyətini CSI təmsilçiləri Coel Veldkamp və Peter Fuks müşayiət ediblər. Qonaqları özünü "artsaxın prezidenti vəzifəsini icra edən" və eyni zamanda həmin fantom qurumun "Milli Məclisinin sədri" adlandıran Aşot Danielyan qəbul edib.

Bu günlərdə eyni ruhda daha bir tədbir baş tutub. Belə ki, İsveçrə mediasının məlumatına görə, Bern şəhərindəki Federal Sarayda Danielyan İsveçrə parlamentinin deputatları ilə görüşüb və "Qarabağdan olan ermənilərə göstərilən rəğbət və dəstəyə görə minnətdarlığını" bildirib. Danielyan üçün xüsusilə vacib olan məqam "İsveçrənin Qarabağ ermənilərinin problemlərinin müzakirəsi üçün platforma yaratmağa hazır olmasıdır". Burada İsveçrə parlamentinin hərəkətlərinin Belçika və Niderland qanunverici orqanlarının son anti-Azərbaycan təşəbbüsləri, habelə Avropa Parlamentinin qəbul etdiyi və Milli Məclisin həmin qurumla bütün əlaqələrini kəsməsinə səbəb olan qətnaməsi ilə sinxronluğu da diqqəti cəlb edir.

Ümumiyyətlə, Ermənistan və ona bağlı diaspor təşkilatları uzun illərdir ki, artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsini "ermənilərin əzilməsi" narrativi üzərində formalaşdırmağa çalışırlar. 1990-cı illərdən bəri Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində ermənilərin "tarixi varlığını" təbliğ etmək üçün müxtəlif vasitələrdən istifadə olunur. Ermənistanın təbliğatı, bu münaqişəni əsasən "erməni xalqının tarixi hüquqlarının qorunması" kimi təqdim edərək, beynəlxalq ictimaiyyəti yanlış məlumatlandırmağa yönəlib. Bu təbliğatın əsas taktikalarından biri, "etnik təmizləmə" və "mədəni irsin məhv edilməsi" ittihamlarıdır. Qarabağ ermənilərinin ərazilərdən çıxarılması məsələsi bu təbliğatın mərkəzində dayanır.

Qarabağ ermənilərinin "geri qaytarılması" mövzusu Ermənistanın xaricdəki lobbi fəaliyyətinin əsas qollarından birinə çevrilib. Son illərdə İsveçrə kimi "neytral" dövlətlərin də bu mövzuya diqqət yetirməsi, əslində bu ölkələrin də Ermənistanın narrativini qəbul etdiyini göstərir. Məsələn, İsveçrə Federal Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin aşağı palataya təqdim etdiyi təklifdə Qarabağ ermənilərinin "təhlükəsiz qayıdışı" məsələsinin beynəlxalq bir forum çərçivəsində müzakirə edilməsi irəli sürülür. Bu təklifdə İsveçrənin neytral vasitəçi rolu vurğulanır, lakin Azərbaycanın ərazilərinin işğal edilməsi və orada azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmələrə dair heç bir söz deyilmir. Bu kimi sənədlərdə Ermənistanın tarix boyu işğalçılıq siyasəti tamamilə görməzlikdən gəlinir. Qarabağ münaqişəsinin əsas səbəbi olan Azərbaycanın ərazilərinin qanunsuz işğalı və yüz minlərlə azərbaycanlının öz yurdlarından didərgin salınması faktı beynəlxalq təşkilatların və müəyyən dövlətlərin sənədlərində demək olar ki, nəzərə alınmır. Bunun əvəzinə bu təşkilatlar erməni separatizminə dəstək verən mövqe tutaraq, Qarabağda yaşamış ermənilərin “tarixi hüquqları”nı ön plana çıxarırlar.

Qarabağda yaşamış ermənilərin "təhlükəsiz qayıdışı" mövzusu beynəlxalq təşkilatların ermənipərəst mövqelərinin bir göstəricisidir. Halbuki Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq ərazilərini işğaldan azad etməsi və bu ərazilərdə bərpa işlərinə başlaması tamamilə qanunidir. İsveçrə və digər dövlətlərin bu kimi təşəbbüsləri erməni separatizminə dolayısı yolla dəstək verməkdən başqa bir şey deyil. Bİr sözlə, Qarabağda yaşamış ermənilərin "qayıdışı" mövzusu, Ermənistanın və ermənipərəst qüvvələrin Azərbaycan əleyhinə apardığı təbliğatın bir hissəsi olaraq beynəlxalq gündəmdə saxlanılır. Bu narrativ, Ermənistanın işğalçılıq siyasətini ört-basdır etmək, Azərbaycanın hüquqlarını pozmaq və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır.

Sevinc Azadi, “İki sahil”