06 may 2026 12:25
103

Dünyaşöhrətli müğənni Azərbaycan Qran prisində səhnə alacaq

Formula 1 üzrə Azərbaycan Qran-prisinin 10 illik yubileyinə təsadüf edən 2026-cı il yarış həftəsonu bu dəfə öncəki illərdən daha möhtəşəm və fərqli atmosfer vəd edir.

“İki sahil” xəbər verir ki,  Bakı Şəhər Halqasından verilən məlumata görə, yubiley proqramının əsas hadisələrindən biri dünyaşöhrətli ifaçı Kati Perrinin Bakıda səhnə alması olacaq. Qlobal musiqi səhnəsinin ən parlaq və nüfuzlu simalarından biri olan sənətçi sentyabrın 25-də keçiriləcək xüsusi gecədə minlərlə Formula 1 azarkeşinə unudulmaz şou təqdim edəcək.

K.Perri beynəlxalq musiqi dünyasının ən uğurlu ifaçılarından biridir. Sənətçinin mahnıları ümumilikdə 115 milyarddan çox dinlənmə toplayıb, albom satışları isə 70 milyonu ötüb. “Firework”, “Roar” və “Dark Horse” kimi qlobal hitləri ilə 7 “Diamond” sertifikatı qazanan müğənni rekordlar qıran dünya turları və möhtəşəm səhnə performansları ilə tanınır.

Daha əvvəl məlumat verildiyi kimi, yarış həftəsonunun konsert proqramında dünyaşöhrətli DJ və prodüser Kalvin Harris də çıxış edəcək. İndi isə bu möhtəşəm siyahıya qlobal səhnənin ən tanınmış ifaçılarından biri – Kati Perri qoşulur. Beləliklə, Formula 1 Qatar Azərbaycan Qran-prisinin 10 illik yubileyi yalnız tras üzərindəki həyəcanla deyil, həm də Bakıda keçiriləcək möhtəşəm musiqi proqramı ilə yadda qalacaq. Kati Perrinin çıxışı isə yarış həftəsonuna toplaşan minlərlə azarkeş üçün unudulmaz atmosfer, emosiyalar və festival ruhu qatacaq.

Yarış həftəsonuna 4 günlük bilet sahibləri yüksəksürətli trek yarışlarını və möhtəşəm konsert proqramlarını izləmək üçün eksklüziv imkan qazanacaqlar.