07 may 2026 10:30
120

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində beynəlxalq mühazirə keçiriləcək

15 may tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində müəllimlər üçün beynəlxalq səviyyəli mühazirə təşkil olunacaq.

Mühazirəni Rusiya Federasiyasının Rostov-na-Donu şəhərindən dəvət olunmuş mütəxəssis, tibb üzrə fəlsəfə doktoru Nataliya Aleksandrovna Moskvicheva aparacaq. Bakı şəhərində anadan olan mütəxəssis uzun illərdir müalicəvi pedaqogika sahəsində elmi-praktik fəaliyyət göstərir. O, Rostov Tibb İnstitutunda ali təhsil almış, daha sonra Sankt-Peterburqda V.M. Bexterev adına institutda psixiatriya və psixoterapiya üzrə ixtisaslaşmışdır. Eyni zamanda İsveçrə və Almaniyada müalicəvi pedaqogika üzrə beynəlxalq təlimlərdə iştirak etmişdir.

1996-cı ildə onun təşəbbüsü ilə Rostov-na-Donu şəhərində "Sveça" ("Şam") müalicəvi pedaqogika və sosial terapiya mərkəzi yaradılmışdır. Onun elmi fəaliyyəti bu sahədə uzunillik praktik təcrübəyə əsaslanır.

"Müalicəvi pedaqogika: xüsusi qayğıya ehtiyacı olan şəxslərə peşəkar yardımın göstərilməsi, onların inkişafı üçün əlverişli şəraitin yaradılması, həyat keyfiyyətinin yüksəldilməsi və cəmiyyətə inteqrasiyası" mövzusuna həsr olunacaq mühazirədə müalicəvi pedaqogikanın multidissiplinar mahiyyəti, kompleks yanaşmalar və mütəxəssislərarası əməkdaşlıq məsələləri geniş şəkildə işıqlandırılacaq.

Qeyd olunmalıdır ki, bu mühazirə Azərbaycanda müalicəvi pedaqogika istiqamətində keçirilən ilk tədbirlərdən biri kimi xüsusi əhəmiyyət kəsb edir.

Tədbir 15 may tarixində saat 17:00-da Azərbaycan Dövlət Pedaqoji Kollecində keçiriləcək.

Bu kimi beynəlxalq mühazirələrin təşkili müəllimlərin peşəkar inkişafına, inklüziv təhsilin təşviqinə və müasir pedaqoji yanaşmaların tətbiqinə mühüm töhfə verir.

Əlaqə üçün:

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
Bakı şəhəri, İnşaatçılar pr. 45
Tel.: (+994 12) 539 11 71
E-mail: [email protected]

Mühazirəçi haqqında

Nataliya Aleksandrovna Moskvicheva Bakı şəhərində mühəndis və həkim ailəsində anadan olmuşdur. 1968-ci ildə 184 saylı orta məktəbi fərqlənmə ilə bitirmiş və Rostov Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur.

Ali təhsilini başa vurduqdan sonra ailəsi ilə birlikdə Gürcüstanın Poti şəhərində yaşamış, psixonevroloq kimi fəaliyyət göstərmişdir. Daha sonra Sankt-Peterburqda V.M. Bexterev adına Elmi-Tədqiqat İnstitutunda psixiatriya üzrə ordinaturanı və psixoterapiya ixtisaslaşmasını tamamlamışdır.

Antroposofik tibb ilə tanış olduqdan sonra İsveçrənin Lozanna şəhərində və Almaniyada müalicəvi pedaqogika üzrə ixtisasartırma təhsili almışdır.

1996-cı ildə Rostov-na-Donu şəhərində həkimlər, pedaqoqlar və xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri ilə birlikdə "Sveça" ("Şam") müalicəvi pedaqogika və sosial terapiya mərkəzinin təsisçilərindən biri olmuşdur. Qeyd edək ki, mərkəz 2026-cı ildə fəaliyyətinin 30 illiyini qeyd edəcək.

Nataliya Aleksandrovna Moskvicheva tibb üzrə fəlsəfə doktorudur. Onun elmi işi "Sveça" ("Şam") mərkəzində müalicəvi pedaqoq kimi 10 illik praktiki fəaliyyətinin ümumiləşdirilməsinə həsr olunmuşdur. O, Rusiya və Almaniyanın Antroposofik Həkimlər Birliyinin üzvüdür.

Eyni zamanda, o, müxtəlif nitq pozuntularının - nitq inkişafının ləngiməsi, kəkələmə, ümumi nitq çatışmazlığı, erkən autizm, eşitmə məhdudiyyətləri və serebral iflic kimi halların korreksiyasında tətbiq olunan xirofonetika metodunun mütəxəssisidir. Bu metod bəzi somatik və psixoloji problemlərin, o cümlədən bronxial astma, atopik dermatit, neyrodermit və depressiyanın müalicəsində də istifadə olunur. Metodun əsas üstünlüklərindən biri onun valideynlər tərəfindən də mənimsənilərək tətbiq oluna bilməsidir.