07 may 2026 15:59
133

Azərbaycanın Dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir

Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının və  İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə “Azərbaycanın Dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” mövzusunda  tədbir təşkil olunub.

“İki sahil” xəbər verir ki, tədbirdə YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru Kəmalə Süleymanlı, kollecin müəllim heyəti və tələbələr iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ümumilli lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ilk olaraq Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videoçarx izlənilib.

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru Kəmalə Süleymanlı giriş sözü ilə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, iqtisadi və sosial inkişafında, xüsusilə təhsil və sənaye sahələrinin formalaşdırılmasında misilsiz xidmətlərindən bəhs edib. Qeyd olunub ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası bu gün də uğurla davam etdirilir.

Tədbirdə YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov çıxış edərək Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlərindən danışıb. O, bildirib ki, dahi şəxsiyyətin bütün fəaliyyətinin əsasında xalqımızın parlaq gələcəyi, qüdrətli bir dövlət kimi Azərbaycanın müstəqilliyinin təmin edilməsi dayanıb. Bu gün müstəqil Azərbaycanın Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla, yeni zəfərlərlə addımladığını diqqətə çatdırıb.

Sonda Yeni Azərbaycan Partiyasına yeni üzv olan tələbələrə üzvlük vəsiqələri təqdim olunub.