08 may 2026 11:45
126

Uğursuz cəhd

Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baro ölkə Senatında Azərbaycan əleyhinə cəfəng iddialar səsləndirib. Bəri başdan qeyd edək ki, onun tərəfindən Azərbaycanın suveren ərazisi olan Qarabağ bölgəsi ilə bağlı “Dağlıq Qarabağ” kimi ifadələrin işlədilməsi qəbuledilməzdir. Çünki artıq Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. “Dağlıq Qarabağ” adlı münaqişə, “Dağlıq Qarabağ” məfhumu tarixə qovuşub. Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi Zəfəri ilə bu səhifə çevrilib. Azərbaycanın Qarabağ regionu mövcuddur. Bu mənada Azərbaycanın öz suveren ərazilərində beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həyata keçirdiyi haqq-ədalət müharibəsindən sonra bölgədə davamlı sülh üçün şərait yarandığı bir dönəmdə belə bir ifadənin işlədilməsi heç də sülhə xidmət etmir.

Ermənistanın işğalı dövründə Azərbaycan ərazilərində yüzlərlə məscid və digər maddi-mədəni irs nümunələrinin dağıdılması faktını görməməzliyə vuran fransalı nazir işğal dönəmindən qalan bəzi tikililərin sökülməsi məsələsinə dair “şərh” də verib. Halbuki Azərbaycanın suveren ərazilərində yerləşən tarixi və dini abidələrimiz milli-mədəni irsimizdir və mənşəyindən, dünyəvi və ya dini mənsubiyyətindən asılı olmayaraq qorunur. Bu gün də bu ənənəyə sadiq qalaraq Azərbaycan dövləti işğal dövründə dağıdılmış və təhqirə məruz qoyulmuş dini və mədəni abidələri öz hesabına bərpa edir. Bunların sırasında Şuşada yerləşən Qazançı kilsəsinin yenicə bərpa edilməsini, habelə bütün münaqişə boyunca Bakıda yerləşən erməni kilsəsinin dövlət tərəfindən mühafizə edilməsini xüsusilə vurğulamaq lazımdır. Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) bu məsələ ilə bağlı bəyanatında qeyd olunduğu kimi, ümumilikdə, ölkə ərazisində müxtəlif konfessiyalara məxsus olan ibadət yerlərinin davamlı şəkildə qorunub saxlanılması, onların bərpa edilməsi və mühafizəsi hər zaman dövlətimizin və cəmiyyətimizin müxtəlif dinlərə hörmətini və ehtiramını bariz şəkildə nümayiş etdirib.

Amma müsyö Jan Noel Baro unutmasın ki, beynəlxalq humanitar hüquqa əsasən, işğalçı dövlət tərəfindən işğal edilmiş ərazidə razılıq olmadan inşa edilmiş, separatçı rejimin rəmzləri olduğu tikililər təyinatından asılı olmayaraq qanunsuz hesab olunur. Bu mənada Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlıların qətlə yetirildiyi və qovulduğu bu ərazilərdə sonradan qanunsuz inşa edilmiş bütün tikililərin sökülməsinə həm hüquqi, həm də mənəvi əsas vardır. Bir məsələni də vurğulayaq ki, heç kəs separatçılardan nə isə qondarmağı xahiş etməmişdi, özbaşınalıq isə yolverilməzdir.  Yaxşı olardı ki, Jan Noel Baro erməni lobbisinin ona ötürdüyü saxta məlumatlara istinad etməsin, sadəcə çox da uzaq olmayan tarixə yaxşı-yaxşı nəzər salsın.  Onda bilər ki, işğal illərində azərbaycanlılara məxsus məzarlıqları sistemli şəkildə təhqir edənlər, məscidləri (Şuşadakı Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa məscidləri, Yuxarı Məscid mədrəsəsi, Füzulidəki Xanlıq məscidi, Cəbrayıldakı Çələbilər məscidi və Qərb məscidi, Qubadlıdakı Cümə məscidi, Laçındakı Güləbird türbəsi və s.) viran qoyanlar, bu müqəddəs məkanlarda donuz saxlayanlar məhz erməni separatçıları olublar. Üstəlik, onlar qədim Qərbi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus yüzlərlə tarixi abidəni sistemli şəkildə yer üzündən siliblər. Yəni, maddi-mədəniyyət və dini abidələrə qarşı əsl vandalizm aktlarını Ermənistan həyata keçirib. Bütün bunlara isə bir sıra Avropa dövlətləri, o cümlədən Fransa göz yumub, Ermənistanın sistemli vandalizm siyasətinə hüquqi və siyasi qiymət verməyib.

Ümumiyyətlə, Azərbaycan dövləti tərəfindən dünyanın mədəni irs siyashısında yer alan heç bir ziyarətgah və dini məbəd sökülmür.  Şübhəsiz, Azərbaycanın məscidlərin, kilsələrin və sinaqoqların yan-yana yerləşdiyi nadir ölkələrdən biri olmasına, tarixi, dini və mədəni abidələrinin işğal zamanı onilliklər boyu ermənilər tərəfindən dağıdılmasına və təhqir edilməsinə səssiz qalan fransalı nazirin ölkəmizə qarşı əsassız ittihamlarla, başqa sözlə desək, təhrikçi açıqlamalarla çıxış etməsi məsələnin siyasiləşdirilməsinə doğru göstərilən uğursuz cəhddir.

Qvami Məhəbbətoğlu, “İki sahil”