08 may 2026 15:32
106

Yaponiyanın milyonlarla nəşr olunan qəzetləri Azərbaycandan yazıb

Yaponiyanın nüfuzlu gündəlik qəzetləri — tirajı 1,2 milyon olan “Mainichi Shimbun” və 2,2 milyondan artıq tirajla nəşr olunan “Nikkei Shimbun”da  “Azərbaycanı tanımadan dünyanı başa düşmək mümkün deyil” başlıqlı geniş məqalələr dərc edilib.

Məqalələrdə Azərbaycanın mürəkkəb geosiyasi şəraitdə həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət modelindən bəhs olunur. Bildirilir ki, ərazi və iqtisadi baxımdan nisbətən kiçik dövlət olmasına baxmayaraq, Azərbaycan Rusiya, Türkiyə və İran kimi regional güclərlə yanaşı, ABŞ, Çin və İsraillə də uğurlu münasibətlər quraraq özünəməxsus siyasi xətt formalaşdırıb.

 Yazılarda Azərbaycanın enerji strategiyası, diplomatik manevr imkanları və milli təhlükəsizlik siyasəti xüsusi vurğulanır. Qeyd olunur ki, ölkə həm enerji resurslarından səmərəli istifadə etməklə, həm də müharibə və diplomatiya amillərini düzgün uzlaşdırmaqla  beynəlxalq mövqelərini daha da möhkəmləndirib.   Məqalədə “Kiçik ölkə olmasına baxmayaraq, ərazi və iqtisadi baxımdan çox böyük siyasət yürüdən ölkədir” fikrinə yer verilib.

 Nəşrlərdə Azərbaycanın neft strategiyasını inkişaf mühərrikinə çevirməsi, balanslaşdırılmış siyasəti geniş təhlil edilir. Bununla yanaşı, 44 günlük Vətən müharibəsi “XXI əsrin müharibəsi” kimi xarakterizə olunur, Azərbaycanın əldə etdiyi qələbənin tarixi ədalətin bərpası olduğu vurğulanır. Müharibədən sonrakı dövrdə Qarabağda aparılan bərpa-quruculuq işləri, Azərbaycanla Ermənistan arasındakı sülh prosesi barədə də ətraflı məlumat verilir.

 Məqalələrdə qeyd olunur ki, təqdim edilən məlumatlar Yaponiyada yaşayan azərbaycanlı tədqiqatçı Əlibəy Məmmədov tərəfindən yapon dilində nəşr olunan Azərbaycan adlı strategiya kitabına əsaslanır. Kitabın Yaponiyada 2 mindən artıq kitabxanaya paylandığı və Azərbaycan haqqında məlumatların yayılmasında mühüm rol oynayacağı bildirilir.

Xatırladaq ki, Əlibəy Məmmədov 2012-ci ildən Yaponiyada yaşayır. Hokkaydo Universitetində siyasi elmlər üzrə təhsil alıb. Yaponiya hökuməti təqaüdçüsü olmuş Əlibəy Məmmədov, eyni zamanda konfliktoloq, Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədridir. Diaspor fəaliyyətinə təhsil illərindən başlayıb.