İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Qida təhlükəsizliyi” adlı dərslik layihəsi çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələri ilə görüş keçirilib. Görüşdə FAO-nun Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin məsul əməkdaşı Meri Kenni, FAO-nun Azərbaycan nümayəndəliyinin əməkdaşı Beyrək Hacıyev, İİTKM tərəfdən isə icraçı direktorun müavini Ramil Hüseyn, Dövlət proqramları şöbəsinin müdiri Lətif Zeynallı və baş məsləhətçi Günay Rəhimli iştirak ediblər.
“İki sahil” xəbər verir ki, İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn bildirib ki, hazırda Mərkəz tərəfindən 26 dövlət proqramının, o cümlədən qida təhlükəsizliyi üzrə dövlət proqramının icrasının monitorinqi həyata keçirilir. İİTKM ölkənin aparıcı beyin mərkəzlərindən biri kimi tələbat olan istiqamətlər üzrə kitabların hazırlanması və koordinasiyasını da əsas fəaliyyət istiqamətlərindən biri hesab edir. Ölkədə qida təhlükəsizliyinin strateji əhəmiyyəti nəzərə alınaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə birlikdə “Qida təhlükəsizliyi” dərsliyi layihəsinə başlanılıb. Bildirilib ki, dərslik UNEC-in Elmi Şurasında təsdiqləndikdən sonra ali təhsil müəssisələrində tədris məqsədilə istifadə olunacaq. Ramil Hüseyn vurğulayıb ki, kitabda yerli təcrübə ilə yanaşı, beynəlxalq yanaşmaların da əks olunması vacibdir və bu baxımdan FAO-nun ekspert dəstəyi xüsusi əhəmiyyət daşıyır.
Meri Kenni isə FAO-nun Azərbaycanda qida təhlükəsizliyi sahəsində həyata keçirilən proseslərdə fəal iştirak etdiyini qeyd edib və İİTKM-in bu dərslik layihəsi ilə bağlı təşəbbüsünü yüksək qiymətləndirib. O bildirib ki, belə bir dərsliyə region ölkələrində də ehtiyac var. Bu baxımdan kitabın həm Azərbaycan, həm də ingilis dillərində nəşrinin faydalı olacağı qeyd edilib. Meri Kenni FAO üçün bilik və beynəlxalq təcrübənin paylaşılmasının əsas prioritetlərdən olduğunu vurğulayaraq təşkilatın layihəyə töhfə verməkdən məmnunluğunu ifadə edib.
Görüşdə növbəti mərhələdə həyata keçiriləcək addımlar, həmçinin FAO-nun kitabın hazırlanması və ekspert rəylərinin təqdim olunması prosesində iştirakı müzakirə edilib. Qeyd olunub ki, akademik mühit, dövlət qurumları və özəl sektor nümayəndələrinin iştirakı ilə hazırlanan dərslik FAO-nun dəstəyi ilə həm Azərbaycan, həm də region üçün qida təhlükəsizliyi sahəsində fundamental bir mənbə rolu oynayacaq.