08 may 2026 17:06
95

İİTKM-də Özbəkistanın İpək Yolu Beynəlxalq Turizm və Mədəni İrs Universitetinin nümayəndələri ilə görüş keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Özbəkistanın İpək Yolu Beynəlxalq Turizm və Mədəni İrs Universitetinin nümayəndələri ilə görüş keçirilib.

“İki sahil” xəbər verir ki, İİTKM-in Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri İlyas Hüseynov bildirib ki, Azərbaycan və Özbəkistan arasında həm ikitərəfli, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində münasibətlər uğurla inkişaf edir. Xüsusilə turizm sahəsində artım dinamikası müşahidə olunur. Ötən ilin məlumatlarına görə, yanvar-noyabr aylarında Özbəkistana səfər edən Azərbaycan vətəndaşlarının sayı 21 min nəfərdən çox olub. 2025-ci ildə Azərbaycana gələn xarici turistlər arasında Özbəkistan vətəndaşlarının sayı isə illik müqayisədə 34% artıb. Hazırda Bakı-Daşkənd, Bakı-Səmərqənd və Bakı-Urgenç istiqamətində birbaşa aviareyslərin olması turizm sahəsində artımı sürətləndirən əsas amillərdəndir.

İİTKM-in İqtisadi təhlil şöbəsinin müdir müavini Rəşad Nəcəfli qeyd edib ki, Azərbaycan ilə Özbəkistan arasında münasibətlər son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Turist axınlarının intensivləşməsi, birgə “İpək Yolu” layihələri və ticarət dövriyyəsinin artması bunun bariz nümunəsidir.

İpək Yolu Beynəlxalq Turizm və Mədəni İrs Universitetinin Beynəlxalq Biznes və Yaradıcı İqtisadiyyat kafedrasının müdiri Nilufər Rəhimova bildirib ki, təmsil etdikləri təhsil müəssisəsinin missiyası müstəqil elmi tədqiqatları və orijinal bədii yaradıcılığı inkişaf etdirmək və cəmiyyətin yaradıcı ruhunu dəstəkləməkdir. Mərkəzi Asiya regionunda aparıcı elm və təhsil mərkəzi olmaq, turizm də daxil olmaqla iqtisadiyyatın prioritet sahələrinin inkişafı üçün kadrlar hazırlamaq və fəaliyyətinin nəticələrinə görə dövlət və cəmiyyət qarşısında hesabat vermək universitetin əsas hədəfidir.

İpək Yolu Beynəlxalq Turizm və Mədəni İrs Universitetinin Beynəlxalq Biznes və Yaradıcı İqtisadiyyat kafedrasının müəllimi Nigina Sultanova ali təhsil müəssisəsinin nəzdində turizm sahəsində tədqiqatlar aparmağı hədəfləyən “beyin mərkəzi”nin yaradıldığını diqqətə çatdırıb.

Sonda qonaqlara İİTKM-in nəşri olan “Orta Dəhliz: cari reallıqların təhlili və perspektivlərin dəyərləndirilməsi” kitabı təqdim olunub.