Bu gün Azərbaycanda 9 May - faşizm üzərində qələbənin ildönümüdür.
“İki sahil” xatırladır ki, Azərbaycan xalqı İkinci Dünya müharibəsində qələbənin əldə olunmasına mühüm töhfələr verib.
Müharibə illərində Azərbaycandan 600 mindən çox insan cəbhəyə yollanıb, onların yarıdan çoxu döyüşlərdə həlak olub. Yüzlərlə azərbaycanlı göstərdikləri şücaətə görə yüksək dövlət mükafatlarına layiq görülüb. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Həzi Aslanov, eləcə də İsrafil Məmmədov, Mehdi Hüseynzadə, Ziya Bünyadov, Hüseynbala Əliyev və digər azərbaycanlı döyüşçülər müharibə tarixində xüsusi yer tuturlar.
Faşizm üzərində qələbədə Bakı nefti də həlledici amillərdən biri sayılır. Müharibə dövründə SSRİ-də hasil olunan neftin böyük hissəsi Azərbaycanın payına düşüb. 1941-ci ildə respublikada 23,5 milyon ton neft hasil olunub ki, bu da ümumi ittifaq istehsalının 70 faizdən çoxunu təşkil edib. Azərbaycan neftçilərinin fədakar əməyi nəticəsində cəbhə yanacaqla fasiləsiz təmin edilib. Həmin dövrdə istifadə olunan hər beş təyyarədən, tankdan və avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyib.
Müharibə illərində Bakı yalnız sənaye və yanacaq mərkəzi deyil, həm də mühüm arxa cəbhə şəhəri olub. Burada minlərlə yaralı əsgər müalicə edilib, müxtəlif bölgələrdən təxliyə olunan insanlar və müəssisələr yerləşdirilib. Eyni zamanda, müttəfiqlərin Sovet İttifaqına göndərdiyi hərbi texnika, silah-sursat və digər yüklərin mühüm hissəsi lend-liz proqramı çərçivəsində Azərbaycan üzərindən daşınıb.
Azərbaycan alimləri də müharibə dövründə cəbhə üçün mühüm layihələr həyata keçiriblər. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə yüksək keyfiyyətli aviasiya benzininin istehsalı texnologiyası hazırlanıb.
2026-cı il aprelin 24-də Prezident İlham Əliyev 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb.
Qeyd edək ki, 9 May Azərbaycanda rəsmi dövlət bayramı kimi qeyd olunur. İkinci Dünya müharibəsi isə bəşəriyyət tarixinin ən faciəli hadisələrindən biri hesab edilir - müharibə nəticəsində 60 milyona yaxın insan həyatını itirib.
Agentliyin nümayəndəsi Naxçıvan Dövlət Universitetində keçirilən dövlət satınalmalarına dair təlimdə çıxış edib
YAP Göygöl rayon təşkilatı Ulu Öndərin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib