Natiqlik sənəti insan cəmiyyətində ictimai fikrin formalaşmasına təsir edən ən mühüm vasitələrdən biridir. Tarix boyu görkəmli dövlət xadimləri və siyasi liderlər məhz güclü nitq qabiliyyətləri sayəsində geniş xalq kütlələrinin rəğbətini qazanıblar. Azərbaycanda siyasi natiqliyin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Ulu Öndərin nitqi səmimiliyi, zənginliyi və orijinallığı ilə dünyanın tanınmış siyasi xadimlərinin çıxışları ilə müqayisə oluna bilər.
“İki sahil” xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü söyləyib. “Ümummilli Lider Heydər Əliyev çıxışlarında dilimizin saflığının və zənginliyinin qorunmasının vacibliyini hər zaman vurğulayır, cəmiyyətin bütün imkanlarını ana dilinin inkişafına səfərbər edirdi. Ulu Öndər gələcək nəsillər üçün nümunə ola biləcək natiqlik məktəbi yaradıb”, - deyə müsahibimiz vurğulayıb.
Dilçi-alim qeyd edib ki, Heydər Əliyevin nitqləri yalnız siyasi məzmun daşımır, eyni zamanda, zəngin dil xüsusiyyətləri, yüksək emosional təsir gücü və məntiqi ardıcıllığı ilə seçilir. Onun çıxışlarının əsas kommunikativ xüsusiyyətlərindən biri fikirlərin aydın və sistemli şəkildə təqdim edilməsidir. Dahi şəxsiyyət auditoriyanın sosial və psixoloji xüsusiyyətlərini nəzərə alır, fərqli auditoriyalar üçün müxtəlif kommunikativ yanaşmalar tətbiq edirdi.
O bildirib ki, Heydər Əliyevin çıxışlarında kommunikativ üslub çoxşaxəli və sistemli xarakter daşıyırdı. Onun nitqində aydınlıq, auditoriyayönümlülük, emosional təsir, qeyri-verbal kommunikasiya və strateji məqsədyönlülük xüsusiyyətləri harmonik şəkildə birləşirdi.
Alim vurğulayıb ki, Heydər Əliyevin nitqinin ən yüksək keyfiyyətlərindən biri səmimilik idi. Bu səmimilik liderin humanizmindən, daxili dünyasından və həyat həqiqətlərinə söykənən yanaşmasından qaynaqlanırdı. Xüsusilə çıxışların sonunda səslənən fikirlər auditoriyada həyəcan, inam və nikbinlik hissləri yaradır, dinləyicilərdə xoş təəssürat formalaşdırırdı. Belə çıxışlar insanları mənəvi baxımdan zənginləşdirir, cəmiyyətdə müsbət əhvali-ruhiyyə yaradırdı.
T.Şükürlü qeyd edib ki, Ulu Öndərin çıxışları dövlət idarəçiliyində kommunikasiya mədəniyyətinin formalaşmasına mühüm töhfə verib. Onun nitqlərinin zənginliyi və mükəmməlliyi istifadə etdiyi müdrik kəlamlarda da öz əksini tapır.
“Heydər Əliyevin çıxışlarında ədəbi dilin funksional üslubları vəhdət təşkil edir. Ana dilimizin saflığını qorumaq gələcəyimizi və milli kimliyimizi qorumaq deməkdir. Bu, həm elm, həm dövlət siyasəti, həm də milli missiyadır. Dahi Liderin nitqləri yalnız informasiya ötürmək məqsədi daşımırdı, eyni zamanda, ictimai rəyin formalaşdırılmasına, milli ideologiyanın möhkəmləndirilməsinə və ana dilinin qorunmasına xidmət edirdi. Bu baxımdan Heydər Əliyevin çıxışları müasir kommunikasiya nəzəriyyəsi prizmasından yüksəksəviyyəli kommunikativ model kimi öyrənilir”, - deyə alim əlavə edib.