AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC-də müstəqil Azərbaycanın qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdən əvvəl şirkətin kollektivi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, onun əziz xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri qoyublar. “Aztelekom”un inzibati binasında davam edən iclasda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad olunub.
Çıxışlarda Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişafındakı əvəzsiz tarixi xidmətləri, ölkənin sosial-iqtisadi yüksəlişinin əsasını təşkil edən strateji siyasəti xüsusi vurğulanıb. Eyni zamanda qeyd olunub ki, Ulu Öndərin bu uzaqgörən siyasəti ölkədə bir çox sahələrlə yanaşı, telekommunikasiya və informasiya texnologiyalarının inkişafı üçün də möhkəm əsaslar yaradıb. Onun müəyyənləşdirdiyi kurs bu gün də Azərbaycanın rəqəmsal inkişafı və müasir texnoloji infrastrukturunun gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.