10 may 2026 16:45
116

Mirzoyan: İrəvan vaxtı gələndə Aİ və ya Aİİ-nin xeyrinə seçim edəcək

Ermənistan Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvüdür və vaxtı gələndə avrointeqrasiya məsələsi ilə bağlı qərar qəbul edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan "NEWS.am"a bildirib.

"Düzünü desək, hazırda biz seçkiqabağı kampaniyanın qızğın çağındayıq və bütün bəyanatları, detalları izləmək üçün o qədər də çox vaxtımız yoxdur. Lakin biz həmişə demişik ki, Ermənistanın Aİİ və Avropa İttifaqı arasında seçim etmək vaxtı gələndə, biz, əlbəttə ki, bunu edəcəyik", - nazir qeyd edib.

Mirzoyanın sözlərinə görə, hazırda Ermənistan Aİİ-nin üzvüdür və bu ittifaqda öz fəaliyyətini davam etdirir.

"Həmçinin sirr deyil ki, Ermənistan xalqının Avropa ambisiyaları var. Qərar qəbul etmək vaxtı gələndə biz onu qəbul edəcəyik", - Ermənistan XİN rəhbəri əlavə edib.

Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ermənistan Aİ və ya Aİİ-də iştirak məsələsi üzrə referendum keçirməlidir.