Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) tərəfindən Misirin Qalyubiyyə vilayətinin əl-Ubur şəhərində yerləşən məktəbə 10 ədəd müasir və tam təchiz olunmuş kompüter hədiyyə edilib.
“İki sahil” xəbər verir ki, tədbirdə Qalyubiyyə vilayətinin qubernatoru Hüsam Əbdülfəttah, Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov, məktəbin rəhbərliyi və şagirdlər iştirak ediblər.
Görüş Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə təşkil olunan tədbirlər çərçivəsində keçirilib.
Qubernator Hüsam Əbdülfəttah çıxışında bildirib ki, əl-Ubur məktəbində Azərbaycan dili kursunun fəaliyyət göstərməsi və burada yaradılmış Misir–Azərbaycan Dostluq Məktəbi təhsil sahəsində beynəlxalq əməkdaşlığın uğurlu nümunəsidir. Onun sözlərinə görə, bu təşəbbüs insan kapitalının inkişafına və müasir dövrün tələblərinə cavab verən gənc nəslin yetişdirilməsinə mühüm töhfə verir.
Qeyd olunub ki, Azərbaycan dövləti tərəfindən məktəbə təqdim edilən müasir avadanlıqlar rəqəmsal təhsilin inkişafı istiqamətində mühüm addımdır. Qubernator Misirin Azərbaycanla dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinə və bu əlaqələrin gələcək nəsillərə xidmət edən konkret təhsil və mədəniyyət layihələri ilə zənginləşdirilməsinə böyük önəm verdiyini vurğulayıb.
Öz növbəsində, səfir Elxan Poluxov Misirlə təhsil sahəsində mövcud əməkdaşlığı yüksək qiymətləndirib. O deyib ki, kompüter laboratoriyasına göstərilən dəstək şagirdlərin texnoloji bacarıqlarının inkişafına yönəlmiş investisiyanın əhəmiyyətindən irəli gəlir. Səfir qeyd edib ki, əl-Ubur məktəbi Misirdə Azərbaycan dilinin məktəb səviyyəsində tədris olunduğu ilk təhsil müəssisəsidir. Bu baxımdan, səfirlik tərəfindən məktəbdə bir sıra yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Tədbir çərçivəsində qonaqlar şagirdlərin hazırladıqları bədii proqramı da izləyiblər. Azərbaycan Dövlət Himni səsləndirilib, şeirlər təqdim olunub. Sonda uşaqlara hədiyyələr təqdim edilib, həmçinin rəssam Zəhra Poluxovanın əl işi məktəbə bağışlanıb.
Naxçıvan şəhərində “Müasir Azərbaycanın memarı: tarixi missiya və əbədi irs” mövzusunda konfrans keçirilib
Fövqəladə Hallar Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib - VİDEO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib