Səudiyyə Ərəbistanının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirakı beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, şəhərlərin inkişafı sahəsində təcrübə mübadiləsinə yönəlib.
“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Bələdiyyələr və Mənzil Tikintisi Nazirliyinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"Bakıda keçiriləcək WUF13-də fəal iştirak beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə, şəhərlərin və bir sıra icmaların inkişafı sahəsində təcrübə mübadiləsinə yönəlib", - məlumatda bildirilib.
Nazirliyin məlumatına görə, WUF13-də təmsil olunacaq Səudiyyə Ərəbistanı nümayəndə heyətinin tərkibinə dövlət qurumlarının, bələdiyyə orqanlarının, inkişaf proqramlarının, mənzil sektorunun, həmçinin təhsil müəssisələrinin və müvafiq təşkilatların nümayəndələri daxil olacaq.
Bundan əlavə, nümayəndə heyətinə regional administrasiyaların rəhbərləri, şəhər inkişafı, mənzil tikintisi və həyat keyfiyyətinin yüksəldilməsi üzrə proqramların nümayəndələri, investisiya, infrastruktur və daşınmaz əmlak sahəsinin mütəxəssisləri daxildir.
Nümayəndə heyətinin tərkibinə, həmçinin Səudiyyə Ərəbistanının humanitar təşəbbüslərinin və universitetlərinin nümayəndələri daxil edilib.
Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Yaşayış Məntəqələri Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.