IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək Azərbaycan ən mötəbər beynəlxalq yarışları keçirməyə qadir olduğunu bir daha göstərəcək
“2017-ci ildə Bakıda IV İslam Həmrəylik Oyunları keçiriləcəkdir. Bu, böyük beynəlxalq tədbirdir. Həm dünya, həm İslam aləmi üçün çox önəmli idman yarışmasıdır. Bu Oyunların Azərbaycanda keçirilməsi bir daha onu göstərir ki, Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir. Azərbaycanda bu günə qədər bütün mötəbər beynəlxalq tədbirlər ən yüksək səviyyədə keçirilmişdir. Eyni zamanda, biz bunu İslam aləminin Azərbaycana, onun inkişafına verdiyi yüksək dəyər kimi qiymətləndiririk və öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, bu Oyunlar yüksək səviyyədə keçirilsin” söyləyən Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, ancaq güclü dövlətlər möhtəşəm idman yarışlarına ev sahibliyi edə bilər. Azərbaycanın qloballaşan dünyamız üçün biri-birindən maraqlı və əhəmiyyətli beynəlxalq konfrans və simpoziumlara, forumlara, I Avropa Oyunlarına ev sahibliyi kimi yüksək etimada layiq görülməsi təsdiqlədi ki, geosiyasi cəhətdən əlverişli məkanda yerləşən, tarixi, iqtisadi tərəqqisi ilə diqqəti cəlb edən ölkəmiz beynəlxalq siyasətdəki rolu, mədəniyyətinin zənginliyi, demokratiyanın inkişafına görə də aparıcı mövqeyə malikdir.
2009-cu ildə Bakının İslam mədəniyyətinin paytaxtı elan olunması, 2018-ci ildə bu şans üçün Azərbaycanın ayrılmaz və qədim tarixə malik Naxçıvan şəhərinin seçilməsi bütün dövrlərdə Qərb dünyasına bağlı olan ölkəmizin tarixi, mədəni inkişafının göstəricisidir.
Son illərdə ölkəmizdə reallaşan möhtəşəm oyunlar təsdiqlədi ki, Azərbaycan həm də güclü idman ölkəsidir. I Avropa Oyunlarında iştirak edən dövlətlərin bayraqlarını bir araya gətirən Azərbaycanda Dünya Şahmat Olimpiadası, “Formula-1” yarışları da uğurla başa çatdı. Belə təməl əsasında idman ölkəsi olduğunu təsdiqləyən, 2017-ci ildə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına, futbol üzrə “Avro-2020”-nin final mərhələsinin 4 matçına ev sahibliyi edəcək ölkəmizin möhtəşəm yarışlarda qazandığı qələbələr mükafatların sayını da artırır.
Müstəqil ölkə kimi ilk dəfə Atlanta Olimpiadasında (1996) iştirak edən və qazandığı 1 gümüş medalı Sidney (2000) yarışlarında 2 qızıl, 1 bürünc medala çatdıran, Afinadan (2004) 5 medalla qayıdan idmançılarımız Pekin (2008) yarışlarında 1 qızıl, 2 gümüş, 4 bürünc medalla pərəstişkarlarını sevindirdilər. Azərbaycana uğur gətirməklə idmançılarımızın dünya birliyində tanınmasına səbəb olan London XXX Yay Olimpiadası daha uğurlu oldu. İdmançılarımız ölkəmizə 10 medalla döndülər. Çində keçirilmiş Yay Olimpiya Oyunlarında yeniyetmələrimiz komanda hesabında 10-cu yerə layiq görüldülər.
Rio-de-Janeyroda idmanın 17 növü üzrə 56 iştirakçı ilə təmsil olunan gənclərimiz Azərbaycana 1 qızıl olmaqla 18 medal qazandırdılar. Medal sayına görə Olimpiadada iştirak edən 207 iştirakçı və 87 mükafatçı dövlət arasında 15-ci yeri qazanan idmançılarımız daha bir idman bayramını uğurla başa vurdular. Hər medal isə gərgin mübarizə, qələbəyə inamın ifadəsidir. Bu nəticəyə görə respublikamız İslam, türk və Cənubi Qafqaz ölkələri arasında liderlik əldə etdi. İdmançı sayının qazanılan medallara nisbətinə görə isə MDB ölkələri arasında ikinci, Avropanın qitə dövlətlərinin sırasında isə yeddinci oldu. İdmana göstərilən diqqətin nəticəsidir ki, gənclər arasında bu sahəyə maraq kimi, regionlar da daxil olmaqla 40-dan artıq idman sağlamlıq komplekslərinin sayı artır.
I Avropa Oyunlarını dostluq, həmrəylik və birlik bayramı kimi təşkil edən, Avropa və Şərq dəyərlərini birləşdirərək bəşəri əhəmiyyəti ilə dünya sivilizasiyasına layiqli töhfə verən Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını da eyni mütəşəkkilliklə keçirmək əzmindədir.
“İki il ərzində həm Avropa, həm İslam Oyunlarının keçirilməsi nadir bir göstəricidir, bunun analoqu yoxdur, bəlkə də heç vaxt olmayacaq” söyləyən Prezident İlham Əliyev bildirir ki, bu inkişaf ermənipərəst dairələrin xoşuna gəlməsə belə Azərbaycan tutduğu yolu davam etdirməkdə israrlıdır. Azərbaycanın dünyada tanıdılması baxımından xüsusi əhəmiyyəti olan belə yarışlarda iştirak edən idmançılar, Bakıya gələn qonaqlar gördülər ki, respublikamız nəyə qadirdir, müstəqillik dövründə hansı uğurlara nail olunub. Azərbaycan xalqı azad, qürurlu, öz milli dəyərlərinə sadiq xalq kimi yaşayır. Altı min idmançının iştirak etdiyi yarışlarda qalib komandalar arasında ikinci yeri tutmaqla 56 medal qazanan gənclərimiz Azərbaycanı idman ölkəsi kimi tanıtdırdılar.
Təbii ki, bu uğurlarda I Avropa Oyunlarının keçirilməsi üçün yaradılan Təşkilat Komitəsinin, xüsusilə onun sədri Mehriban xanım Əliyevanın böyük xidmətləri çox oldu. “Mən Təşkilat Komitəsinin tərkibini müəyyən edərkən tam əmin idim ki, bu tərkibdə bu Komitə ən yüksək nəticə göstərə bilər. Çünki burada həm təcrübə, həm peşəkarlıq və ən önəmlisi xalqa, dövlətə sevgi, məhəbbət var idi və var. Bu, ümumiyyətlə ölkəmizin əldə etdiyi uğurların əsas şərtidir” söyləyən Prezident İlham Əliyev bu Oyunların yüksək səviyyədə keçirilməsində rolu olan könüllülərin təşəbbüskarlığını da yüksək dəyərləndirdi.
2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin birinci iclasında Mehriban xanım Əliyevaya yenidən məsul vəzifənin həvalə olunması da inamın nəticəsi idi. “Təşkilat Komitəsinə rəhbərlik Mehriban Əliyevaya həvalə olunub. Həm “Eurovision” mahnı müsabiqəsinin Təşkilat Komitəsinə, eyni zamanda, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinə Mehriban Əliyeva rəhbərlik etmişdir. Nəticələr də göz qabağındadır... Mən xüsusilə birinci Avropa Oyunlarının nəticələrini qeyd etmək istəyirəm. Bu, birinci belə yarışma idi. Bu günə qədər Avropada qitə yarışları keçirilməmişdi. Əlbəttə ki, bu yarışın yüksək səviyyədə keçirilməsi bizim səylərimizdən asılı idi” söyləyən Prezident İlham Əliyev bildirir ki, İslam Həmrəylik Oyunları da çox önəmli beynəlxalq yarışma olacaqdır: “Azərbaycan İslam aləminin bir parçasıdır. Bu bizim ailəmizdir və biz çalışmalıyıq ki, bu Oyunlar da ən yüksək səviyyədə keçirilsin. Bütün idmançılara, qonaqlara, nümayəndə heyətlərinin üzvlərinə gözəl şərait yaradılmalıdır ki, ölkəmizlə tanış olsunlar, Azərbaycanın qədim tarixini görsünlər, öyrənsinlər və Azərbaycanda özlərini rahat hiss etsinlər.”
Həmrəylik Oyunları ilk növbədə İslam dövlətləri arasında əməkdaşlığı gücləndirəcək. Dünyaya sübut olunacaq ki, İslam dini sülh, mərhəmət və qardaşlıq dinidir. 2017-ci ilin may ayında keçirilməsi nəzərdə tutulan İslam Həmrəylik Oyunlarında 57 islam ölkəsinin 5 mindən çox təmsilçisi idmanın 20 növü üzrə bacarıqlarını nümayiş etdirəcəklər. Maraqlısı odur ki, Avropa Oyunlarından fərqli olaraq Həmrəylik Oyunlarında şərqlilərə məxsus idman növləri üzrə də yarışlar keçiriləcək.
Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın bildirdiyi kimi, Oyunlar çərçivəsində paralimpiya üzrə paraatletiklər və paracüdoçuların mübarizəsi gözlənilir: “Eyni zamanda, bu Oyunları fərqləndirən digər cəhətlərdən biri qeyri-ənənəvi idman növü olan milli zorxana oyunu üzrə mübarizənin aparılması olacaq. Bu idman növlərinə atletika, gimnastika, güləş, boks, cüdo, taekvondo, ağır atletika, tennis, stolüstü tennis, atıcılıq, üzgüçülük, basketbol, həndbol, voleybol, futbol, karate və sair daxildir.”
Artıq Oyunlara hazırlıq istiqamətində müəyyən addımlar atılır. Azərbaycan Dövlət İnfomasiya Agentliyi (AZƏRTAC) ilə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi arasında rəsmi media tərəfdaşlığı haqqında müqavilə imzalanıb. Razılaşmaya əsasən, AZƏRTAC IV İslam Həmrəylik Oyunlarının loqosunu və “Bakı- 2017” IV İslam Həmrəyliyi Oyunlarının Rəsmi Xəbər Agentliyi” nişanını öz xəbərlərində, foto və videomateriallarında istifadə etmək və yayımlamaq hüququ əldə edir. Ötən ay paytaxtımızda gerçəkləşən və beynəlxalq aləmdə media toplantısı kimi qəbul edilən Dünya Xəbər Agentliklərinin V Konqresində, Asiya və Sakit Ökean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının tədbirlərində iştirak edən ölkələrlə əməkdaşlıq genişləndiriləcək. Əvvəlki yarışlarda olduğu kimi, İslam Həmrəyliyi Oyunlarında da iştirak etmək istəyən 12 mindən artıq könüllü artıq qeydiyyatdan keçib.
Xuraman İsmayılqızı, “İki sahil”
Kəlbəcər- azadlığın, dövlətçilik iradəsinin və yeni inkişaf mərhələsinin simvolu