Paytaxt məktəbində açıq dərs: Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır
Bakı şəhəri 177 nömrəli tam orta ümumtəhsil məktəbində Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə “Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərs keçirilib. Bu mövzu aktual olmaqla yanaşı, gənc nəslin tarixi köklərimizə bağlılığı və milli kimlik şüurunun inkişafı baxımından strateji əhəmiyyət kəsb edir.
Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması sədrinin müavini Hikmət Babaoğlu, Nərimanov Bələdiyyəsinin sədri, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Təmraz Tağıyev, Elm və Təhsil Nazirliyinin məsul əməkdaşları Rövşən Ağayev və Maral Salmanova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Turanə Məcidli, ADPU-nun filologiya kafedrasının əməkdaşı Gülər Süleymanova və Vətən Müharibəsi Qəhrəmanı, şəhid Zaur Nudirəliyevin oğlu Ömər Nudirəliyev iştirak ediblər.

Tədbir gənc nəslin tarixi köklərimizə bağlılığı və milli kimlik şüurunun inkişafı baxımından strateji əhəmiyyət kəsb etmişdir. Gələn qonaqlar açıq dərsdən əvvəl şagirdlər tərəfindən hazırlanan dərsin mövzusuna həsr olunmuş eksponatlarla tanış olublar. Şagirdlər bu əşyaların yaradılmasının tarixi və məqsədi barədə qısa məlumat verdilər və sualları cavablandırıblar.
Tədbir “Qərbi Azərbaycan TV”nin hazırladığı “Qərbi Azərbaycan xronikası” mövzusunda videoçarxların nümayiş etdirilməsi ilə başlayıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açıq dərsi giriş sözü ilə məktəbin direktoru Arzu Süleymanova açaraq, mövzunun əhəmiyyətini və dövlətimizin Qərbi Azərbaycanla bağlı yürütdüyü strateji kursun təhsil müəssisələrində təbliğinin vacibliyini vurğulamışdır.
Professor Mahirə Hüseynova öz çıxışında Qərbi Azərbaycanın zəngin ədəbi-mədəni mühiti və dil tariximizdəki yeri barədə şagirdlərə çox dolğun və elmi faktlara söykənən məlumatlar verərək, gənc nəsildə bu torpaqlara qarşı həm tarixi, həm də mənəvi bağlılığı daha da gücləndirmişdir. Qərbi Azərbaycanın xanlıqlar dövrü, İrəvan qalası və bölgədəki qədim yaşayış məskənləri barədə elmi məlumatlar səsləndirilmişdir. Toponimlərin saxtalaşdırılmasına qarşı tarixi xəritələr üzərində aparılan araşdırmalar nümayiş olunmuşdur.
Tədris metodologiyası və interaktivlik Açıq dərsin məktəbin həm Azərbaycan, həm də rus bölmələrinin 10-11-ci sinif şagirdlərini əhatə edərək, mövzunun multikultural bir mühitdə vahid milli ideologiya əsasında tədrisini təmin etmişdir. Dərsin ən mühüm özəlliyi onun interaktiv formatda təşkil edilməsi idi. Şagirdlər passiv dinləyici deyil, prosesin aktiv iştirakçısı kimi çıxış etmişlər. Məktəbin tarix, coğrafiya və ədəbiyyat müəllimləri də tədbirdə iştirak edərək fənlərarası inteqrasiyanı ən yüksək səviyyədə nümayiş etdirmişlər.
Tədbirdə çıxış edənlər məşğələnin müasir tələblərə uyğun şəkildə, aparılmasına, çox maraqlı məlumatlarla və faktlarla bölüşdüyünə görə Mahirə Hüseynovaya öz minnətdarlıqlarını bildirib və tədbirin əhəmiyyətini yüksək qiymətləndirərək, dərsdə iştirak edən şagirdlər üçün Qərbi Azərbaycanda baş verən tarixi proseslərin öyrənilməsinin əvəzolunmaz bir mənbəyə çevriləcəyini vurğulayıblar.
Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovniki, şəhid Zaur Nudirəliyevin oğlu Ömər Nudirəliyevin çıxışı tədbirə xüsusi bir ruh qataraq, qəhrəmanlıq ənənələrinin nəsildən-nəsilə ötürülməsinin parlaq nümunəsi olmuşdur. Tədbirin gedişində Azərbaycan Yazıcılar Birliyinin üzvləri M.Hüseynova və R.Ağayev bu tədris ocağının kitabxanasına müxtəlif mövzularda, o cümlədən yazıçıların son illər çapdan çıxmış ədəbi, publistik əsərləri məktəbin kitabxanasına təqdim olunub.
Açıq dərsin sonunda vurğulanıb ki, bu cür dərslər gələcəyimiz olan gənclərin "Böyük Qayıdış" konsepsiyasına mənəvi hazırlığında müstəsna rol oynayır. 177 nömrəli məktəb bu açıq dərslə bir daha sübut etdi ki, Azərbaycan təhsili təkcə bilik vermir, həm də dövlətimizin milli maraqlarını müdafiə edə biləcək vətənpərvər şəxsiyyətlər yetişdirir.
Leyla Səfərova