Bu gün sürətlə inkişaf edən şəhərlərin qarşısında duran əsas çağırışlardan biri də təhlükəsizlik məsələsidir. Urbanizasiya prosesinin sürətlənməsi, çoxmərtəbəli tikililərin sayının artması, yeni yaşayış massivlərinin salınması və infrastruktur layihələrinin həyata keçirilməsi şəhərsalma siyasətində seysmik risklərin daha dərindən öyrənilməsi və nəzərə alınmasını zəruri edir.
“İki sahil” xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini Cəbrayıl Xanlarov “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Seysmik təhlükənin və riskin qiymətləndirilməsində yeni yanaşmalar” mövzusunda konfransda çıxışı zamanı deyib.
Ölkəmizin seysmik aktiv regionda yerləşdiyini qeyd edən nazir müavini fikirlərinə belə davam edib: "Həmin reallıq bizi bina və qurğuların təhlükəsizliyinə, inşası, istismarı proseslərinə, ümumiyyətlə, tikinti və şəhərsalma fəaliyyətinə xüsusi məsuliyyətlə yanaşmağa məcbur edir. Müasir şəhər yalnız estetik baxımdan deyil, həm də təhlükəsizlik, davamlılıq və fövqəladə hallara hazırlıq baxımından yüksək standartlara cavab verməlidir. Seysmik təhlükənin qiymətləndirilməsi artıq yalnız elmi-tədqiqat sahəsi deyil, eyni zamanda, dövlət təhlükəsizliyi, iqtisadi inkişaf və əhalinin rifahı ilə birbaşa bağlı strateji məsələdir. Şəhərsalma proseslərində risklərin, o cümlədən seysmik risklərin düzgün qiymətləndirilməsi və effektiv idarəolunması baş verə biləcək fəlakətin qarşısının alınmasında böyük rol oynayır. Bu istiqamətdə normativ hüquqi bazanın təkmilləşdirilməsi, innovativ yanaşmaların və beynəlxalq standartların tətbiqi, tikinti obyektlərinin optimal konstruktiv həllər vasitəsilə seysmik dayanıqlığının artırılması, elmi əsaslandırılmış qərarların qəbul edilməsi xüsusi əhəmiyyət daşıyır. Seysmik təhlükə və seysmik risk anlayışları ölkə hüdudlarını aşan və coğrafi bölgələri əhatə edin geniş anlam olduğundan seysmik risklərin idarəolunmasında region ölkələri arasında qarşılıqlı informasiya mübadilə mexanizminin təsis edilməsini vacib edir. Bu gün dünya təcrübəsi göstərir ki, seysmik risklərin azalması yalnız mühəndis həlləri ilə məhdudlaşmır. Buraya şəhərlərin funksional planlaşdırılması, fövqəladə hallara hazırlıq infrastrukturu, açıq təhlükəsiz zonaların yaradılması, ağıllı şəhər texnologiyalarının tətbiqi və əhalinin maarifləndirilməsi də daxildir".