15 may 2026 22:05
101

CAR qəzeti Azərbaycanın WUF13-ə ev sahibliyindən yazıb

Cənubi Afrika Respublikasının daha bir media orqanı “Pretoria News” qəzeti Azərbaycanın WUF13-ə ev sahibliyi etməsi haqqında xəbər dərc edib.

“İki sahil” xəbər verir ki, məqalədə Prezident İlham Əliyevin Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Sərəncamından bəhs edilib. Qeyd olunub ki, Bakıda keçiriləcək BMT-nin Dünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) təsadüf edən bu təşəbbüs şəhərsalma siyasəti, memarlıq mədəniyyəti və dayanıqlı inkişaf istiqamətlərinə hədəflənmiş milli çərçivənin yaradılmasını nəzərdə tutur.

Müəllif vurğulayıb ki, WUF13 tədbirinin əsas mövzusu “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri”dır. Tədbirdə onilliyin əsas çağırışlarından biri hesab olunan mənzil məsələsinin müzakirə ediləcəyi qeyd edilib.

Bildirilib ki, hazırda dünyada təxminən üç milyard insan müxtəlif formalarda mənzil çatışmazlığından əziyyət çəkir. Onlardan 1,1 milyarddan çoxu qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır, 300 milyondan çox insan isə evsizlik problem ilə üzləşib.

Azərbaycanın bu tədbirə ev sahibi ölkə kimi seçilməsi onun mürəkkəb çoxtərəfli prosesləri idarə etmək qabiliyyətinə beynəlxalq inamın artdığını göstərir. Bu etimad ölkənin COP29-a ev sahibliyi etməsi ilə daha da möhkəmlənib.

Məqalədə Azərbaycanın işğaldan azad olunan ərazilərində görülən quruculuq işlərindən də bəhs olunub. Bildirilib ki, Forumun Azərbaycanda keçirilməsi ölkəyə öz şəhərsalma nailiyyətlərini, xüsusilə də vaxtilə münaqişədən zərər çəkmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələri nümayiş etdirmək imkanı yaradır.