Yeganə Hüseynova:Yaxşı müəllim savadlı, lazımi metodikaya malik olmalı, yeri gələndə şagirdinin səviyyəsində, yeri gələndə isə əlçatmaz müəllim zirvəsində olmalıdır
Şagirdlərimə hər zaman düz və ədalətli olmağı tövsiyə edirəm
Müəllim sadəcə bir peşə adı deyil. Müəllim bir ömrə yön verən, bir uşağın gələcəyinə işıq tutan, cəmiyyətin sabahını yetişdirən müqəddəs missiyadır. Dünyada elə peşələr var ki, onlar insanın həyatına təsir edir, amma müəllim elə bir şəxsdir ki, insanın taleyini formalaşdırır. Çünki bir millətin gələcəyi sinif otağında, müəllimin səsində, verdiyi bilikdə və aşıladığı dəyərlərdə qurulur.
Bu gün burada biz yalnız dərs deyən insanlardan deyil, qəlblərə yol tapan, ümid verən, yorulmadan öyrədən, hər uğurun arxasında səssiz qəhrəman kimi dayanan müəllimlərdən danışacağıq. Çünki müəllim cəmiyyətin görünməyən memarıdır.
Belə müəllimlərdən biri də Paşa Nəzərov adına 60 nömrəli orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Yeganə Hüseynovadır. O, təkcə şagirdlərinə dərs öyrədən pedaqoq deyil, həm də onlara düzgün düşünməyi, ana dilini sevməyi, ədəbiyyatın ruhunu duymağı aşılayan dəyərli müəllimdir. Yeganə müəllimənin hər dərsi bir bilik ocağı, hər sözü isə şagirdlərinin yaddaşında iz buraxan həyat dərsidir.
Onun müəllimlik yolu zəhmət, məsuliyyət və peşəsinə sonsuz sevgi üzərində qurulub. Şagirdlərinin uğurunu öz uğuru sayan, onların hər nailiyyətinə qürurla yanaşan Yeganə Hüseynova məktəbdə hörmət və rəğbətlə seçilən müəllimlərdəndir. Belə müəllimlər cəmiyyət üçün yalnız pedaqoq deyil, həm də gələcəyin memarıdır.
Yeganə Hüseynova ilə müsahibəmizdə müəllimlik peşəsinə gəlişindən, ilk dərs gününün həyəcanından, pedaqogika və jurnalistika sahəsində qazandığı təcrübələrdən, Azərbaycan dili və ədəbiyyatının bugünkü vəziyyətindən, ana dilimizin qorunması məsələlərindən, müasir gənclərlə işləməyin xüsusiyyətlərindən, müəllim əməyinə verilən dəyərdən, şagird uğurlarının yaratdığı qürur hissindən və gələcəklə bağlı düşüncələrindən danışacağıq. Səmimi fikirləri, həyat təcrübəsi və müəllimlik fəlsəfəsi ilə Yeganə müəllimə bu müsahibədə həm pedaqoq, həm də ziyalı kimi oxucular qarşısında fərqli bir obraz yaradacaq.
-Özünüzü oxuculara necə təqdim edərdiniz?
-Mən, Hüseynova Yeganə. Cəbrayıl şəhərində doğulmuşam. M.Qorki adına (indiki akademik Mehdi Mehdizadə adına) orta məktəbi bitirmişəm. Pedaqoji İnstitutun filologiya fakültəsinə daxil olmuşam. 1986 -cı ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirmişəm. Əmək fəaliyyətimə də doğma məktəbimizdə başlamışam. Məlum hadisələrə görə, Bakı şəhərinə köçmüş, müxtəlif sahələrdə işləmişəm. 2009-cu ildən bu günə kimi şəhid Paşa Nəzərov adına 60 nömrəli orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyirəm.
-Niyə məhz müəllimlik peşəsini seçdiniz?
-Yazıb-oxumağı öyrəndikdən sonra ən çox sevdiyim əyləncə başqalarının yazılarını yoxlayıb onlara qiymət yazmaq idi. Qırmızı qələmlə aşkarladığım səhvlərə düzəliş etmək məni sanki sehrli bir aləmə salırdı, özümlə qürur duyurdum, bir anlıq özümü müəllim kimi hiss edirdim. Onlara düzgün yazılış qaydalarına diqqət yetirməyi tövsiyə edirdim. Bir də müəllimlərimizi dərsdən və məkəbdən kənarda görəndə özümüzü yığışdırmağımızın da, onlara bəslədiyimiz hörmət hissinin də az təsiri olmayıb.
-Özünüzü yaxşı müəllim hesab edirsinizmi? Sizcə, yaxşı müəllim necə olmalıdır?
-Bu suala cavab vermək, məncə, bir az mücərrəd fikir söyləməkdir, bir az da məsuliyyətlidir. Yəni, konkret cavab yoxdur. Müəllimi hamı eyni səviyyədə sevmir, hörmət etmir. Eyni müəllim şagirdlərindən kiminsə idealına çevrilə bilir, kiminsə yox. Hansısa şagirdə fənnini sevdirə bilir, digərinə isə bacarmır. Etdiyi tələbə, verdiyi tapşırığa biri canla-başla cavab verir, hətta müəlliminə kömək də edir, başqası isə onu candərdi yerinə yetirir, başqa biri isə heç reaksiya da vermir. Amma şagirdlərinin çoxu səni sevirsə, deməli, nəyəsə nail olmusan, çəkdiyin zəhmət hədər getməyib. Bu mənada bəxtim gətirib. Yaxşı müəllim savadlı, lazımi metodikaya malik olmalı, yeri gələndə şagirdinin səviyyəsində, yeri gələndə isə əlçatmaz müəllim zirvəsində olmalıdır. Ən əsası isə, məncə, müəllim ədalətli olmalıdır. Savad, metodika hansı səviyyədə vacibdirsə, verdiyi qərarlar, şagirdlərə yanaşma tərzi, apardığı qiymətləndirmənin ədalətli olması da o dərəcədə olmalıdır.
-Əgər müəllim olmasa idiniz,özünüzü hansı sahədə görərdiniz?
-Müəllim olmasa idim, jurnalistika peşəsini seçərdim. Hətta bu sahəyə olan marağım, sevgim məni bir neçə il jurnalist kimi fəaliyyət göstərməyimə də səbəb olub.
-Həm jurnalistika, həm də pedaqoji fəaliyyətlə məşğul olmusunuz.Bu iki sahə bir-birindən nə ilə fərqlənir, nə ilə bənzəyir? Hansı daha çətin və məsuliyyətlidir?
-İki peşəyə marağım olub. İkisi də uşağlıq arzum olub və iki sahədə də işləmək, öz sözümü demək qismətimə yazılıb. İki sahənin ikisi də mənə doğmadır, əzizdir. Həm jurnalistika, həm də pedaqoji fəaliyyət digər sahələr kimi çox çətindir, əzab-əziyyət, dözüm, savad, bacarıq tələb edir. Hər iki sahədə mübariz olmalısan, öz sözünü deməyi bacarmalısan. Elə çalışmalısan ki, vicdanını itirməyəsən, nümunəvi olmalısan. Axı hər iki sahə birbaşa millətin, xalqın və dövlətin inkişafına xidmət edir. Bu mənada bu sənətlər digər sahələrdən bir az fərqlənir. Çünki oxşarlıqları çoxdur. Nahaq deyə jurnalistikanı dördüncü hakimiyyət adlandırmayıblar ki. Müəllimə də, onun əməyinə də istənilən dövrdə ehtiyac olub, var və olacaq da. Həsən bəy Zərdabini yada salaq. Müəllim idi, millətin yaralarını sağaltmağın üsulunu, düşdüyü bataqlıqdan çıxmağın yolunu tək təhsildə deyil, eyni zamanda, mətbuatın inkişafında da gördü. Hər cür təhqirə, təhdidlərə, əzaba, əziyyətə , çətinliklərə dözdü, qorxmadı və istədiyinə nail oldu. Onun fəaliyyəti hər iki sahədə örnək olmalıdır.
Bu sahələrdə işləmək mənə həyatı öyrətdi, dünyagörüşümü formalaşdırdı, insanları tanıtdı. Düzdür, hər iki sahədə saydıqlarıma yiyələnmək olur, amma ikisinin vəhdəti daha təsirli, daha faydalı oldu. Fərqli xüsusiyyərlərə gəldikdə isə onu deyə bilərəm ki, təhsildə əsas məqsəd əsl vətəndaş tərbiyə etmək, cəmiyyətə savadlı, bacarıqlı, tərbiyəli övladlar verməkdir. Onların arasında alim, müəllim, jurnalist, həkim, sadə sənət sahibi, hüquqşünas, siyasətçi, idtisadçı və digərləri var.
-İlk dərs gününüzü necə xatırlayırsınız?
-Ali mətkəbi bitirəndə iyirmi yaşım var idi. Amma müəllim idim. Təsəvvür edin, ilk şagirdlərimlə mənim aramda 3-4 il yaş fərqi var idi. Həyəcanla yanaşı qorxu hissi də keçirirdim. Bircə onu deyə bilərəm ki, ilk dərsimdə çox səy-küy saldılar, oturub sakitcə onlara baxırdım, onları tanımağa çalışdım və gözüm qolumdakı saatda qalmışdı. Zəngin tez vurulmağını səbirsizliklə gözləyirdim. Hər dəqiqə mənə il kimi görünürdü.
-Müxtəlif sahələrdə çalışmısınız. Bu sahələrin hansında fəaliyyət göstərmək sizin üçün daha cəlbedici idi və bu təctübələr sizə nə qazandırdı?
-Tale elə gətirib ki, müxtəlif sahələrdə öz potensialımı sınamışam. Deyə bilərəm ki, heç peşman deyiləm. Yəni, hər müəllimin qismətinə düşmür bu sahələrdə çalışmaq. Bu baxımdan çox şanslı olmuşam. Müəllim, jurnalist kimi çalışdıqdan sonra yenə müəllimliyə qayıtdım. Özü də həmişlik. Amma bu sahədə də müxtəliflik oldu. 1999-cu ildə 16 nömrəli Texniki Humanitar liseydə yenidən müəllimlik fəaliyyətimi davam etdirdim. Bir ildən sonra müəllim olmaqla yanaşı, liseyin sinifdənxaric və məktəbdənkənar işləri üzrə direktor müavini vəzifəsinə təyin edildim. Çox məsuliyyətli vəzifə idi. Bütün tədbirlərin hazırlanması, ssenarilər yazmaq, davamiyyətə nəzarət etmək çox ciddi və gərgin iş tələb edirdi. İki ildən sonra yeni bir təyinat oldu. Bu dəfə liseydə müəllim işləməklə bərabər Nəsimi RTŞ-də fənn üzrə metodist kimi fəaliyyətə başladım. Ağır bir yükün altına girmişdim. Metodist vəzifəsini müəllimlərin müəllimi kimi qəbul edirdim. Nəsimi kimi mərkəzi rayonunda öz sözünü demiş, kifayət qədər tanınmış müəllimlərlə işləmək həm onlardan öyrənmək, həm də onlarla təcrübə paylaşmaq məsuliyyətli, çətinliklərlə yanaşı qürurverici bir hal idi. 28 məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə dil tapmaq, təcrübə bölüşmək, tədbirlər hazırlayıb həyata keçirmək mənim inkişafımda çox böyük rol oynadı. Məlum olduğu kimi, Bakıda ayrı-ayrı rayonlar üzrə təhsil idarələri ləvğ edildikdən sonra Bakı Şəhəri üzrə Təhil İdarəsi yarandı. Bu dəfə mən Nəsimi-Binəqədi rayonlarındakı məktəblərə metodist kimi təyin olundum və fəaliyyətə başladım. Məktəblərin və müəllimlərin sayı çoxaldıqca məsuliyyət də, təcrübə də artdı, inkişaf etdi. Həm müəllim, həm metodist kimi fəaliyyət göstərməklə yanaşı, Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi müxtəlif layihələrdə iştirak etmək, dərsliklərin qiymətləndirilməsində ekspert kimi çalışmaq, kurikulumun tətbiqi zamanı regionlarda təlimçi kimi işləmək mənim sənətimdə dərin, özü də inkişaf etdirici bir yol açdı. Artıq bir neçə metodik vəsat və tövsiyələrin müəllifi olmağıma şərait yaratdı.Uzun çəkən ağır, gərgin əməyin nəticəsində böyük bir məktəb keçdim, təcrübə qazandım və bunları həmin vəsaitlərdə müəllimlərlə bölüşdüm. Eyni zamanda, 8-9-10-cu siniflər üçün Azərbaycan dili dərsliyinin müəlliflərindən biri oldum.
-Şagirdlərdə Azərbaycan dili və ədəbiyyatına maraq hansı səviyyədədir? Bu marağı artırmaq üçün hansı metodlardan istifadə edirsiniz?
-Tədris etdiyim fənnin sevilməsi həmişə pedaqoji fəaliyyətimin əsas hissəsi, aparıcı xətti olub. Azərbaycan ədəbi dilinin öyrənilməsi və istifadəsində çalışmışam ki, şagirdlərin maraqları, cəmiyyətdə ədəbi dilimizin inkişafında xüsusi yerləri olsun. İstədiyimə də tədriclə nail oluram. Bu gün ləhcə ilə danışmaq, varvarizmdən istifadə etmək günümüzün bəlasına çevrilib. Bu azmış kimi öz sözlərimizə, xüsusilə də sadə feillərə başqa rəng qatıb çox pis mənalar vermək kimi təhlükə ilə üz-üzə qalmışıq. Məncə, bu proses, bu təbliğat düşmən işidir, dilimizi məhvə aparan bir yolun başlanğıcıdır. Bu mənada biz Azərbaycan dii müəllimləri şagirdlərə öz dilimizin bütün incəliklərini anlatmalı, sevdirməliyik, ədəbiyyatımıza sevgini aşımalıyıq. Onlara bədii ədəbiyyatlar oxumağı tapşırmalı, müzakirələr təşkil etməliyik. Bir millətin tanınması üçün həm də ədəbiyyatın danılmaz rolunu dərk etdirməliyik.
-Sizcə, bu gün müəllimlik peşəsi cəmiyyət tərəfindən lazımi qədər dəyərləndirilirmi? Müəllim əməyinə münasibəti necə qiymətləndirirsiniz?
-Siz bu sualla lap yaralı yerimə toxundunuz. Çünki həm mənəvi, həm milli, həm də dini baxımdan müəllimlik peşəsi həmişə müqəddəs sayılıb, xüsusi ehtirama layiq görülüb, müəllimlərə dərin hörmət qoyulub. Çox təəssüflər olsun ki, bu gün əsrlərin sınağından çıxmış bu hörmətin bünövrəsi sanki laxlayıb. Cəmiyyətdə müxtəlif fikirlər formalaşıb, həmişə sorğu-sualsız hörmətlə adı çəkilən bir peşə və onun sahibləri haqqında xoşagəlməz fikirlər səsləndirilir. Məncə, bunun bir neçə səbəbi var. Birincisi bu sahədə təsadüfi kadrların sayının çoxalmasıdır. Ali məktəbə qəbul olmaq xatirinə bu sahəyə təsadüfi gələnlərin sayının çox olması müəllimlik peşəsinin imicinə ziyan vurub. Digər tərəfdən müəllimlərin fəaliyyətinin müəyyən çərçivəyə salınmasının da rolu heç də az deyil. Bu da cəmiyyətdə, xüsusilə bəzi valideyn və onların övladlarında müəllimə, müəllimliyə zərər verən fikirlər formalaşdırılmasına səbəb olur. Müəllim əməyinə verilən dəyər isə Ulu Öndər Heydər Əliyev tərəfindən söylənilib: ”Mən dünyada müəllimdən yüksək ad tanımıram “.
-Azərbaycan dili və ədəbiyyat müəllimi kimi dilimizin saflığının qorunması ilə bağlı fikirləriniz nələrdir? Reklamlarda, sosial şəbəkələrdə və gündəlik ünsiyyətdə ana dilimizin istifadəsi sizi qane edirmi?
-Dilimizin saflığını qorumaq tək biz Azərbaycan dili və ədəbiyyat müəllimlərinin vəzifəsi olmalı deyil. Azərbaycanlı olan hamının borcudur. Çünki bu məsələ dövlətin və prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Prezidentimiz dəfələrlə öz çıxışlarında da bildirib ki, Azərbaycan dilini hamı qorumalı, onun saflığının keşiyində durmalıdır. Dilimizə yad kəlmələrin yol açmasına imkan verilməməlidir. Amma çox təəssüf ki, bəzən məsul şəxslər və təşkilatlar bu istiqamətdə ciddi nöqsanlara yol verirlər. Kütləvi informasiya vasitələrində, reklamlarda dilimizin saflığı qorunmur. Reklam şirkətləri və bu işlə məşğul olanlar arasında , demək olar ki, Azərbaycan dilini mükəmməl bilən mütəxəssislər yoxdur. Tez-tez şəhərin küçələrində dilimizin saflığına xələl gərirən reklam afişalarına rast gəlinir, “sinikerslə”, “fantalayaq” kimi qondarma fellər işlədilir. Televiziya aparıcılarının əksəriyyəti ədəbi dilimizdən xəbərsizdir, sosial şəbəkələrdə kim necə istəyirsə, o cür də danışır, normalara əməl edilmir. Bu tək biz müəllimləri yox, cəmiyyəti narahat etməlidir və belə hallara qarşı yüksək səviyyəli mübarizə aparılmalıdır.
-Müasir texnologiyaların və sosial şəbəkələrin sürətlə inkişaf etdiyi dövrdə Azərbaycan dili və ədəbiyyatının tədrisi ilə bağlı hansı yeniliklərə ehtiyac görürsünüz?
-Yeniliklərə hər zaman açıq olmuşam. Baxmayaraq ki, bəzən yeniliklər rahat qəbul olunmur, fikirlər, münasibətlər haçalanır. Bu təhsil sahəsində də belədir, hələ cəmiyyətdə bəzi islahatlar, proqramlar tam qəbul olunmayıb, narazılıqlar var. Müasir texnologiyaların tədrisə siyarət etməsi alqışa layiq bir addımdır. Məncə, burada bəzi məhdudiyyətlər də olmalıdır. Bəzən şagirdlər texnologiyalara çox aludə olurlar, əsas məsələdən uzaqlaşırlar. Vaxtlarının çoxunu müasir texnologiyalardan istifadəyə həsr edir, sosial şəbəkələrdə keçiririlər. Mənə elə gəlir ki, bu istiqamətdə şagirdlərə müəyyən limit qoyulmalıdır. Dəqiq və istiqamətverici tapşırıqlarla zəngin olan xüsusi saytlar olmalı, dərsliklərdə olmayan əlavə materiallar, şagirdlərin vaxtına qənaət edən məlumatlar orada öz əksini tapmalıdır. Yəni, tədrislə bağlı olan sahələr limitsiz olmalıdır, digərləri isə yox.
-Müəllimlik sənətinin ən böyük çətinlikləri, sizcə, nədən ibarətdir?
-Bütün sahələrdə olduğu kimi bizim sahəmizin də özünəməxsus çətinlikləri var. Müəllimlər təkcə bilik verməklə kifayətlənmirlər, Vətənə, xalqa, millətə layiq vətəndaş da yetişdirirlər. Bu yolda məqsəd bir olsa da, metodika, üsul başqadır. Bəzən bu metodika, üsuldan istifadə etmək lazımı nəticə verməyəndə alternativ yollar axtarırsan, özü də ani olaraq, gözlənilmədən. Bir sinifdə neçə şadird varsa, bir o qədər də üsulun olmalıdır. Tibbdə eyni xəstəliklərin eyni müalicəsi olur, eyni dərman vasitələrindən istifadə edilir. Amma müəllimlikdə elə deyil, şagirdlərin hər birinə müxtəlif üsullarla yanaşırsan. Hələ valideynləri demirəm. Onlarla dil tapmalısan, peşə qayğıları, daha nələr, nələr. Bəzən başımız o qədər qarışır ki, özümüzü yaddan çıxarırıq, özümüzə vaxt ayırmağa zamanımız qalmır.
-Şagirdlərinizə hər zaman hansı həyati tövsiyələri verməyə çalışırsınız?
-İş rejimimiz nə qədər çətin və ağır olsa da, şagirdlərimlə söhbətləşməyə bəzən vaxt tapıram, məsləhətlər verirəm.Ən əsas həyatda düz olmaqlarını tövsiyə edirəm, düz həmişə əyrini kəsir. Ədalətli olmağı məsləhət bilirəm. Bir də ən çox Vətənə sevgini, millətə hörməti və dilimizə qayğını aşılayıram. Hər bir uğursuzluq hansısa bir uğurun başlanğıcı ola bilcəyini söyləyirəm.
-Uğurlardan danışaq. Pedaqoji fəaliyyətinizdə sizi ən çox motivasiya edən və qürurlandıran nailiyyətlər hansılar olub?
-Əmək fəaliyyətimdə uğurlarım çox olub. Yeni təyinatlar olanda sevinmişəm, çəkdiyim zəhmətin bəhrəsini görəndə yerə-göyə sığmamışam. Şagirdlərim uğur qazananda onlara baxıb fəxr etmişəm. Metodik vəsait və tövsiyəm çap olunanda xoşbəx olmuşam. Ancaq iki hadisəni yaşayanda keçirdiyim sevinc hisslərini ifadə edə bilmirəm. 2012-ci ildə Əməkdar müəllim adını alanda, bir də 2015 -ci ildə həmmüəllifi olduğum 8-ci sinif üçün Azərbaycan dili dərsliyi çap ediləndə özümü dünyanın ən xoşbəx insanı sanmışdım.
-”Əməkdar müəllim” adına layiq görülmək sizin üçün hansı mənanı kəsb edir?
-Üstündən illər keçməsinə baxmayaraq hər dəfə mənə bu adla müraciət edəndə qürurlanıram. Çünki bu mükafat təhsil sahəsində ən yüksək zirvədir. Zirvəni fəth etmək hamıya nəsib olmur. Deməli, mən seçilmişlərdənəm, özü də dövlət rəhbərinin öz imzası ilə layiq gördüyü bir mükafatın sahibiyəm.
-Şagirdlərinizin qazandığı uğurlar sizi necə təsirləndirir?
-Şagirdlərimin qazandığı uğurlarda az olsa, mənim də payım var. Onların buraxılış imtahanlarında topladıqları yüksək ballar, respublika və rayon miqyaslı müxtəlif yarışmalarda qalib olmaları, cəmiyyətdə tutduqları mövqeləri, vəzifələri mənim pedaqoji fəaliyyətimin mənasını əks etdirir. Onlarla fəxr edirəm. Mənim başımı uca ediblər. Şagirdlərimdən birinin adını ümumiləşdirilmiş nümunə kimi çəkməklə mənim keçirdiyim fərəh hissinə sizi də ortaq edirəm: Milli Məclisin deputatı, tək öz seçiciləri apasında deyil, həm də cəmiyyətdə kifayət qədər tanınmış Ceyhun Məmmədov.
-Bu günün gəncləri ilə sizin gənclik illərinizin insanları arasında hansı fərqləri görürsünüz?
-O vaxtkı gəncliklə müasir gəncliyin fərqi çoxdur. O vaxtkı gənclik təhsilə çox vaxt ayırmağa fikir verirdi, onlar fənlər arasında fəqrq qoymurdular. Demək olar ki, bütün fənləri eyni səviyyədə oxuyurdular. Onlar üçün müəllim müqəddəs idi, müəllimin sözü qanun idi. Mühafizəkar idilər, zəhmətkeş idilər. Müasir gənclik isə tamam başqadır. Onlara pis deməyə ixtiyarım yoxdur. Ən azından tariximizi gözəl bilirlər. Ola bilsin ki, onlardan bəziləri hansısa gün bir mövzunu öyrənməyiblər , ona görə də “2” alıblar. Amma Qarabağın tarixini, onun əzəli və əbədi Azərbaycan torpaqları olduğunu dəqid və tarixi sübutlarla, elmi faktlarla çox gözəl biliblər. Bu tarixi biliklərini dünyaya sübut etmək üçün Azərbaycanın işğalda olan torpaqlarının geri qayatılmasında qeyri-adi, inanılmaz, misilsiz qələbə qazandılar. Bizə qələbə sevincini yaşatdılar, onlara hamımız borcluyuq. Müasir gənclik yalnız onlara lazım olan bilik və bacarıqları əldə etməyə çalışırlar. Texnologiyanı və onu idarə etməyi çox tez və erkən öyrənirlər. Müasirlik də öz yerində. İndinin gəncləri həm tarixi, həm də müasirliyi əks etdirən bir nəsildir. Amma gənclik hər zaman vətənpərvər olub, yeri gələndə düşmənə gözdağı olub.İnanıram ki, gələcəkdə də belə olacaq.
-Valideyn-məktəb- müəllim münasibətlərini necə dəyərləndirirsiniz? Sizcə, bu hansı prinsip üzərində qurulmalıdır?
-Adı çəkilən münasibət müasir dövrün ən aktual problemlərindən biridir. Əvvəllər bu münasibət eyni nöqtəyə yönləndirilmişdir. Valideyn övladına təsir edə bilməyəndə müəllimə, məktəbə üz tuturdu, özü də bu hal kütləvi şəkildə həyata keçirilirdi. Valideyn övladı ilə yaranmış problemi məktəbin, müəllimin vasitəsilə həll edirdi. İndi isə tamam başqa bir şərait yaranıb. Valideynlərin əksəriyyəti nə özü övladı ilə yaranan problemi həll edə bilir, nə də məktəbə, müəllimə imkan verir. İndi ailələrdə övlad tərbiyəsində bəzi ciddi yanlışlığa- ərköyünçlüyə yol verilir. Ərköyün böyüdən valideyn və böyüyən övlad elə bilir ki, məktəb də, müəllim də onun nazını çəkməlidir. Bilirsiniz, bir var şagird şəxsiyyətinə hörmət, onu bir şəxsiyyət kimi qəbul etmək, bir də var ərköyün böyüyən şagirdə münasibət. Bunlar tamam başqa anlayışlardır. Bu iki fərqli düşüncə valideyn-məktəb-müəllim münasibətlərinin gərginləşməsinə çox ciddi təsir göstərib və mənfi təsir etməkdə də davam edir. Müasir valideynlərin çoxu sovet dönəminin sonunda və müstəqillik illərinin əvvəllərində öz uşaqlıq illərini yaşayıblar. O vaxt hər sahə çətin idi. İstər iqtisadi baxımdan, istər hərbi baxımdan və istərsə də sosial baxımdan. Çətinlikləri yaşayan valideynlər oz övladlarına çətinlik yaşatmaq istəmirlər, özləri də bilmədən tərbiyədə yanlışlığa yol verirlər. Nəticə də aydın. Əlavə şərhə ehtiyac yoxdur, məncə.
-Müəllim olmaq istəyən şəxslərə hansı tövsiyələri verərdiniz?
-Çox təəssüf olsun ki, indi çox az şagird müəllim olmaq istəyir. Bunun bir neçə səbəbi var. Onlar üzərində dayanmaq istəməzdim, çünki başqa söhbətin mövzusudur. Bu sənətdə təkcə bilik sahibi olmaq bəs etmir, metodikaya mükəmməl şəkildə yiyəlnsinlər. Zəhməkeş, dözümlü olsunlar, çətinliklərdən qorxmasınlar. Bir də inkişaf etmək üçün müasir texnologiyadan istifadə edə bilsinlər, inkişafetdirici prosesə həmişə açıq olsunlar. Onda əsl müəllim olmaq olar.
-Məktəb, universitet və pedaqoji fəaliyyət illərinizdən bu gün də yaddaşınızda xüsusi yer tutan xatirələr hansılardır?
-Saydığınız illər ömür zəncirimin ayrılmaz hissəsidir. Hər birinin özünəməxsus xatirəsi var. İllər keçsə də, unudulmur. Məktəb illəri uşaqlıq dövrü olduğu üçün dəcəlliklərlə dolu xatirələrlərdir. Universitet illəri tələbəçiliyin xatirəsidir. Mahnıda deyildiyi kimi, sızlar yada düşəndə ürəyimin telləri. O illərdə sevinci, qəmi paylaşmağı öyrənmişəm, yaxşını pisdən ayırmağa başlamışam. Pedaqoji fəaliyyətə isə ömrümü həsr etmişəm, şagird ordusu (bəlkə də vətəndaş ordusu) yetişdirmişəm. Hər biri mənim üçün çox əzizdir.
-Gələcəklə bağlı planlarınız nədir?
-Ənənəyə sadiq qalmaq, layiqli şagird, əsl vətəndaş yetişdirməkdə var gücümlə çalışmaq.
-Son dərs gününüzü necə təsəvvür edirsiniz?
-Heç o barədə fikirləşməmişəm. Yəqin ki, istəsəm də, istəməsəm də, gözümdən yaş axacaq. Çünki ayrılıqlar zamanı həmişə kövrəlmişəm. Elə indinin özündə də.
Söhbətimizin sonuna yaxınlaşdıqca bir daha aydın olduq ki, Yeganə müəllimə üçün müəllimlik sadəcə peşə deyil, həyatın özüdür. Onun fikirlərində həm təcrübənin müdrikliyi, həm də gələcəyə ümidlə baxan bir müəllim ürəyinin səsi duyulurdu. Yeganə müəllimə təkcə dərs deyən deyil, həm də bir ömrə istiqamət verən, gənc nəslin mənəvi dünyasını formalaşdıran, ana dilinə və ədəbiyyata sevgi aşılayan dəyərli şəxsiyyətlərdir. Söhbətimiz boyu onun peşəsinə olan sevgisi, şagirdlərinə yanaşması, təcrübədən süzülüb gələn fikirləri və insanlıq dolu münasibəti bir daha göstərdi ki, müəllimlik sadəcə bir iş deyil, böyük bir missiya, böyük bir həyat yoludur.
Bu müsahibə bizə həm də onu öyrətdi ki, uğurun əsası sevgi ilə görülən işdə, səbir və vicdanla formalaşan münasibətdədir. Yeganə müəllimənin dilindən səslənən hər fikir bir daha təsdiqlədi ki, yaxşı müəllim gələcəyi yazan, cəmiyyətin ruhunu formalaşdıran ən böyük mənəvi gücdür.
Hörmətli Yeganə müəllimə, sizə bu şərəfli yolda daim uğurlar arzulayırıq. Gələcək fəaliyyətinizdə yeni nailiyyətlər, şagirdlərinizin qəlbində silinməz izlər, pedaqoji yolunuzda isə bol sevinc və qürur dolu anlar diləyirik. Şagirdlərinizin uğuru sizin ən böyük mükafatınız, zəhmətiniz isə daim qiymətli bir örnək kimi yaşasın.Arzunuz olan hər bir uğurun gerçəyə çevrilməsi, hər gününüzün xoş xəbərlərlə dolması diləyilə… Uca Tanrıdan sizə möhkəm can sağlığı, uzun ömür və daim işıqlı bir yol arzulayırıq.
Bu səmimi müsahibəyə görə sizə təşəkkür edir, bizə vaxt ayırıb fikirlərinizi bölüşdüyünüz üçün minnətdarlığımızı bildiririk. Sizinlə söhbət etmək bizim üçün həm şərəf, həm də böyük bir zövq oldu.