18 may 2026 15:35
116

Macarıstan Prezidenti istefa tələbini rədd edib

Macarıstan Prezidenti Tamaş Şuyok baş nazir Peter Madyar tərəfindən irəli sürülən vaxtından əvvəl istefa tələbindən imtina edib.

“İki sahil” xəbər verir ki, bu barədə " index.hu" məlumat yayıb.

Şuyok bildirib ki, hazırda onun vəzifədən getməsini tələb edəcək heç bir konstitusion və ya hüquqi əsas yoxdur.

Prezident deyib: “Mən əsas qanuna və konstitusiya quruluşunun qorunmasına sadiq qalacağıma and içmişəm. Bu and məni yalnız siyasi çoxluq və ya azlıqla deyil, bütün xalqla bağlayır.”

Peter Madyar mayın 9-da baş nazir vəzifəsində etdiyi ilk çıxışında bəyan etmişdi ki, Tamaş Şuyok prezident postunda qala bilməz. Onun sözlərinə görə, Şuyok hakimiyyət orqanlarının ictimai, siyasi və maliyyə sahələrindəki sui-istifadələrinə göz yumub və qanunlara lazımi şəkildə əməl etməyib. Baş nazir həmçinin qeyd edib ki, prezident “Macarıstanın demokratik yenilənməsinə” mane olmamalıdır.

Macarıstan qanunvericiliyinə əsasən, prezident parlament tərəfindən beş il müddətinə seçilir. İndiyədək ölkədə heç bir yeni hökumət dövlət başçısının istefasını tələb etməmişdi. Tamaş Şuyok 2024-cü ildə Macarıstan prezidenti seçilib.