Bugünkü konfransın Xəzərin incisi olan gözəl Bakı şəhərində qüsursuz təşkilinə və bizə göstərilən səmimi qonaqpərvərliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Onun rəhbərliyi ilə Azərbaycan, xüsusilə Qarabağ sürətli və genişmiqyaslı inkişaf yolu keçir. Qısa müddət ərzində azad edilmiş ərazilərdə bütöv şəhərlər bərpa olunub, yeni yaşayış kompleksləri və müasir infrastruktur obyektləri inşa edilib. Bu fürsətdən istifadə edərək vurğulamaq istəyirəm ki, Özbəkistan belə nəcib təşəbbüslərə layiqli töhfə verməyə hazırdır.
“İki sahil” xəbər verir ki, bu sözləri Özbəkistan Prezidenti Şavkat Mirziyoyev WUF13-də Liderlərin Bəyanatları zamanı deyib.
Şavkat Mirziyoyev bildirib ki, dünya üçün mənzil, təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar gündəliyi bu gün də aktuallığını qorumaqdadır. Təhlillərə əsasən, XXI əsrin ortalarına qədər dünya əhalisinin təxminən 70 faizi şəhərlərdə yaşayacaq. Eyni zamanda, urbanizasiya bir sıra sosial problemləri daha da kəskinləşdirir. Bu gün dünyada təxminən 3 milyard insan adekvat yaşayış şəraitindən məhrum vəziyyətdədir. Onların 1 milyarddan çoxu qeyri-rəsmi yaşayış məntəqələrində və gecəqondularda yaşayır. 300 milyondan çox insanın isə ümumiyyətlə sığınacağı yoxdur. İqlim dəyişikliyi, qeyri-sabit beynəlxalq vəziyyət və iqtisadi böhranlar yeni qlobal miqrasiya dalğaları yaradır. Bu da əhalinin ölkələr və şəhərlər arasında yenidən bölüşdürülməsinə səbəb olur. Bir sözlə, urbanizasiya qlobal sabitlik və təhlükəsizliyə birbaşa təsir edən kritik amilə çevrilir. Bütün bunlar bizdən qətiyyətli və təxirəsalınmaz tədbirlər görməyi tələb edir.
Özbəkistan Prezidenti bugünkü tədbirin qarşılıqlı faydalı və perspektivli məsələlər üzrə birgə həllərin tapılmasına, yeni təşəbbüslərin formalaşmasına şərait yaradacağına və bu sahənin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.