“Qroningen” “Ayaks”la keçiriləcək pley-off matçını boykot edə bilər.
“İki sahil” xəbər verir ki, klubun baş direktoru Frank van Mosselveld “RTV Noord” nəşrinə açıqlamasında bu variantın ciddi şəkildə nəzərdən keçirildiyini bildirib. Buna səbəb “Qroningen” azarkeşlərinin oyuna buraxılmaması ilə bağlı qərardır.
Məlumata görə, “Ayaks”ın stadionunda Harri Staylsın konserti keçiriləcəyi üçün qarşılaşma Volendam şəhərindəki “Kras” stadionuna köçürülüb. Lakin yerli hakimiyyət orqanları təhlükəsizlik səbəbi ilə qonaq azarkeşlərin stadiona girişini qadağan edib.
Baş direktor matçın “Qroningen”in öz stadionu olan “Euroborg”da keçirilməsini təklif edib. Onun sözlərinə görə, azarkeşlərin cəzalandırılması qəbuledilməzdir və klub onların oyunda iştirakını təmin etmək üçün bütün addımları atacaq.