Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan beynəlxalq sərgidə birgə iştirak edən “AzərEnerji” və “Azərişıq” ASC-lər Azərbaycanın müasir enerji infrastrukturunu, dayanıqlı inkişaf strategiyasını və enerjisistemdə həyata keçirilən rəqəmsal transformasiya layihələrini nümayiş etdirirlər.
“İki sahil” xəbər verir ki, forum çərçivəsində keçirilən ilk tədbirdə “AzərEnerji” tərəfindən hazırlanan “Azərbaycan enerjisisteminin arxitekturası” və “Azərişıq” ASC-nin ərsəyə gətirdiyi “Şəbəkə memarlığı” kitablarının təqdimatı olub. Təqdim olunan nəşrlərdə ölkənin enerji sisteminin formalaşması, müasir texnoloji yanaşmalar, innovativ həllər və gələcək inkişaf istiqamətləri əks olunub.
Tədbir iştirakçılarına kitablarla yanaşı, qapalı tipli “Xankəndi” və “Ağ şəhər” yarımstansiyalarının maketləri, həmçinin enerji infrastrukturu və şəbəkə idarəçiliyini əks etdirən digər stendlər də təqdim edilib. Sərgidə nümayiş olunan layihələr ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.