19 may 2026 15:47
102

BMT-nin nümayəndəsi: Şəhər əhalisi üzrə artımın yarısı 7 ölkədə cəmləşəcək

Qarşıdakı 25 ildə dünya üzrə şəhər əhalisinin artımının yarısı 7 ölkənin payına düşəcək. Hindistan, Nigeriya, Pakistan, Konqo Demokratik Respublikası, Misir, Banqladeş və Efiopiya birlikdə 2025–2050-ci illər arasında 500 milyondan çox yeni şəhər sakini əldə edəcək. Bu rəqəm həmin dövr üzrə proqnozlaşdırılan 986 milyonluq qlobal şəhər əhalisi artımının yarısından çoxuna uyğun gəlir.

“İki sahil” xəbər verir ki, bu məlumatı BMT-nin Əhali Bölməsinin nümayəndəsi Şeril Soyyer Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Gələcək urbanizasiya: Şəhəriniz növbəti onilliklərdə necə dəyişəcək?” mövzusunda keçirilən sessiyada təşkilatın 2025-ci il üzrə “Dünya Urbanizasiya Proqnozları”nı təqdim edərkən söyləyib.

O vurğulayıb ki, 2015–2025-ci illər arasında dünya üzrə 3000-dən çox şəhərdə əhalinin azalması müşahidə edilib. Bu şəhərlərin üçdəbirindən çoxu Çinə, 17 faizi isə Hindistana aiddir. Hesabata görə, şəhərlərin böyüklüyü onların əhali artımına zəmanət vermir. Məsələn, Mexiko və Çendu kimi iri şəhərlər belə əhali azalması ilə üzləşib.