20 dekabr 2016 20:23
447

Növbəti hesabat konserti uğurla yekunlaşıb

Naxçıvan Dövlət Universitetinin Xalq çalğı alətləri kafedrasının ənənəvi  hesabat konserti keçirilib.

“İki sahil” xəbər verir ki, əvvəlcə kafedranın fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, 2008-ci ildə yaranan Xalq çalğı alətləri kafedrasına sənətşünaslıq üzrə fəlsəfə doktoru Aynurə Quliyeva rəhbərlik edir. Kafedrada doqquz müəllim fəaliyyət göstərir. Müəllimlərdən ikisi sənətşünaslıq üzrə fəlsəfə doktoru, biri dosent, dördü isə baş müəllimdir.

Azərbaycan klassik musiqi incilərinin üstünlük təşkil etdiyi konsertdə məşhur dünya klassiklərinin unudulmaz əsərləri də məharətlə ifa olunub. Ümumilikdə 15 əsərin yer aldığı proqrama solo oxuma ixtisası üzrə II kurs tələbəsi İlkin Abdullayevin, I kurs tələbəsi Rüstəm İbrahimovun, Aktyorluq ixtisası üzrə III kurs tələbəsi Ləman Vəliyevanın, solo oxuma ixtisası üzrə IV kurs tələbəsi Rahim Əsgərovun, III kurs tələbəsi Məhərrəm Quliyevin, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, solist Aqib Seyidovun orkestrlə birgə ifası,eləcə də kafedranın “Buta” instrumental ansamblının rəngarəng və gözəl ifaları xüsusi rəng qatıb. Tələbələrin tar, saz, kanon və qarmon musiqi alətlərində ifaları isə konsert iştirakçılarına xoş ovqat bağışlayıb.

Hesabat konsertindən sonra  çıxış edən İncəsənət fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədova universitet rəhbərliyinə və tədbirin təşkilində əməyi keçən müəllimlərə, konsertin bədii rəhbəri, kafedra müdiri Aynurə Quliyevaya xüsusi minnətdarlığını ifadə edib.

Daha sonra  müzakirələr başlanıb.

Bəstəkarlıq kafedrasının müdiri, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, baş müəllim Kamal Əhmədov, Orkestr alətləri və dirijorluq kafedrasının müdiri, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti,  baş müəllim Validə Hüseynova, Musiqi təlimi kafedrasının müdiri, dosent İsmayıl Mürsəlov, baş müəllim Vahid Məmmədov konsertlə bağlı təəssüratlarını bölüşüb, ifalarda olan nöqsanlı cəhətləri müzakirə ediblər.

Rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbirə yekun vuraraq hesabat konsertini bütövlükdə qənaətbəxş hesab etdiyini bildirib,gənc musiqiçilərə  təhsildə və gələcək peşəkar fəaliyyətlərində uğurlar arzulayıb.

Nərmin Cabbarova

NDU-nun

Mətbuat şöbəsinin əməkdaşı