Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) idmançılar və gənclər arasında sağlam, təhlükəsiz qidalanma vərdişlərinin formalaşdırılması, idman qidaları və bioloji aktiv qida məhsullarının düzgün istifadəsinin təşviqi məqsədilə “Doğru seçim, yüksək nəticə” adlı kampaniyasını davam etdirir.
“İki sahil” xəbər verir ki, layihənin növbəti qonağı Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının qalibi, Avropa çempionu və dünya mükafatçısı Vüqar Talıbov olub. Tanınmış cüdoçu idmanla məşğul olan hər kəsə müraciət edərək bildirib ki, idmanda uğur yalnız güclü məşqlə deyil, sağlam seçimlərlə qazanılır:
“Bu gün bir çox insan idman qidaları və bioloji aktiv qida məhsullarından istifadə edir. Lakin nəzərə almaq lazımdır ki, hər məhsul hər orqanizm üçün uyğun deyil. Xüsusilə idmançılar nəticəyə gedən yolda daha məsuliyyətli davranmalıdırlar. Sosial şəbəkələrdə yayılan reklamlar, dost məsləhətləri və ya təsadüfi tövsiyələr əsasında bioloji aktiv əlavələrin qəbulu düzgün yanaşma deyil. Çünki hər bir məhsulun istifadə dozası, tərkibi və əks göstərişləri mövcuddur”, – deyə Vüqar Talıbov vurğulayıb.