19 may 2026 22:32
142

Dünya mediası Prezident İlham Əliyevin WUF13-ün açılışındakı çıxışını geniş işıqlandırıb

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) qlobal medianın diqqət mərkəzindədir.

“İki sahil” xəbər verir ki, bir çox ölkələrin xəbər agentlikləri, saytları, televiziya kanalları və çap mediası WUF13-ün açılış mərasimini işıqlandırıb, auditoriyanı Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi tədbirin gündəliyinin əhəmiyyəti barədə məlumatlandırıb.

Bir sıra televiziya kanalları WUF13-ün açılış mərasimini canlı yayımlayıb. Çoxsaylı xəbər materiallarında dövlətimizin başçısının çıxışından fikirlər yer alıb. Prezident İlham Əliyevin Azərbaycanda şəhərsalmanın sürətli templəri, Qarabağın və Şərqi Zəngəzurun bərpası və Böyük Qayıdış Proqramı ilə bağlı fikirləri vurğulanıb. Azərbaycan Prezidentinin dünyanın hər yerindən on minlərlə nümayəndənin qatılacağı beynəlxalq tədbirin gündəliyinin əhəmiyyəti ilə bağlı fikirlərinə xüsusi diqqət yetirilib.

Eyni zamanda, qeyd edilib ki, Bakıda keçirilən tədbirdə qeydiyyatdan keçmiş iştirakçıların sayı rekord həddə çatıb və bu, WUF13-ü COP29-dan sonra Azərbaycanda keçirilən ikinci ən böyük beynəlxalq tədbirə çevirir. Bundan başqa, materiallarda Bakıdakı tədbirə marağın səviyyəsini misilsiz adlandıran BMT-nin Məskunlaşma Proqramının nümayəndələrinin çıxışlarından sitatlar gətirilib. BMT-nin Baş katibi Antonio Quterreşin sessiya iştirakçılarına ünvanladığı videomüraciətdən bəhs olunub. Vurğulanıb ki, o, mənzil təminatının insanların sağlamlığına, təhsilinə və gələcək imkanlarına birbaşa təsir etdiyini vurğulayaraq, Azərbaycanda müzakirələrin vacibliyini qeyd edib.

Həmçinin bildirilib ki, WUF13 platforması xarici qonaqlara Azərbaycanda şəhərsalma və memarlıq sahəsində baş verən dəyişikliklərlə daha dərindən tanış olmaq imkanı verir. Ayrı-ayrı dövlətlər, xüsusilə Türkiyə rəsmiləri COP31 iqlim sammitinə hazırlıq da daxil olmaqla, beynəlxalq tədbirlərin təşkilində Azərbaycanın təcrübəsindən istifadə etməyə hazır olduqlarını bildiriblər.