20 may 2026 21:12
157

WUF13-də “Dayanıqlı Şəhər İnkişafı üçün Tranzit Yönümlü İnkişaf və Şəhərlərin Yaşıl Transformasiyası” sessiyası

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Dayanıqlı Şəhər İnkişafı üçün Tranzit Yönümlü İnkişaf (TOD) və Şəhərlərin Yaşıl Transformasiyası” mövzusunda sessiya keçirilib.

“İki sahil” xəbər verir ki, tədbir Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi və UN-Habitatın (BMT-nin Məskunlaşma Proqramı) Asiya və Sakit Okean üzrə Regional Ofisi (ROAP) tərəfindən təşkil olunub.

Tədbirdə müxtəlif ölkələrdən olan ekspertlərin iştirakı ilə dayanıqlı şəhər inkişafı, ictimai nəqliyyatyönümlü şəhərsalma modelləri, şəhərlərdə yaşıl məkanların genişləndirilməsi, iqlim dəyişikliklərinə qarşı tədbirlər və urbanizasiya problemlərinin həlli yolları müzakirə olunub.

Sessiyada çıxış edən BMT-nin Hindistandakı rezident əlaqələndiricisi Ştefan Prisner bildirib ki, hazırda Hindistanın şəhər mərkəzlərində təxminən 500 milyon insan yaşayır. O deyib ki, Hindistanda növbəti 20 il ərzində 400 milyon insan şəhər mərkəzlərinə köçəcək.

“Şəhərsalma məsələsi ölkənin gündəliyində ən prioritet istiqamətlərdən birini təşkil edir və bu sahədə genişmiqyaslı proqramlar həyata keçirilir. Bunlara dünyada ən böyük sosial və əlçatan mənzil təşəbbüslərindən bəziləri də daxildir. Son bir neçə il ərzində 12,5 milyon əlçatan sosial mənzil inşa olunub və əlavə olaraq daha 10 milyon mənzilin tikintisi təsdiqlənib”, - deyə o qeyd edib.

O əlavə edib ki, çox sayda fərdi və institusional maraqlı tərəflərin mövcudluğu, eləcə də digər təhrifedici amillər planlaşdırmanın inteqrasiyasını çətinləşdirir.

“Biz bilirik ki, dayanıqlı şəhərlərin inkişafını dəstəkləmək üçün təkcə BMT sistemi üçün deyil, həm də Hindistandakı bir çox digər aktorlar üçün geniş əməkdaşlıq imkanları mövcuddur. BMT-nin şəhər inkişafı ilə bağlı bir çox proqramları var – təkcə UN-Habitat deyil, digər agentliklər tərəfindən də həyata keçirilir”,- deyə o qeyd edib.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İqtisadi Təhlil, Məlumat və Statistika Bölməsinin Geoməkan Təhlili Laboratoriyasının koordinatoru Claudia Baranzelli çıxışında bildirib ki, maliyyə və investisiyalar sahəsində mümkün olduğu qədər özəl sektor vəsaitlərinin də səfərbər olunması vacibdir: “Çünki yalnız dövlət sektoru bütün ehtiyacları qarşılaya bilməz. Eyni zamanda, monitorinq və qiymətləndirmə sistemləri də gücləndirilməlidir”.

O qeyd edib ki, təbiət əsaslı həllər sonradan əlavə olunan yanaşma kimi qəbul edilməməlidir.

“Onlar mütləq şəkildə qərar qəbuletmə proseslərinə inteqrasiya olunmalıdır. Bu isə həm layihələrin seçimi, həm də ictimai fəaliyyət və performans meyarlarının nəzərə alınması deməkdir, yəni bu prinsiplər bütün planlaşdırma mərhələlərində tətbiq edilməlidir. Bu yanaşma şəhərlərin çoxölçülü şəkildə və zamanla necə fəaliyyət göstərdiyini daha dərindən təhlil etmək üçün etibarlı bilik bazası yaradır. Bu kimi məlumat mənbələrinə OECD-nin yerli məlumat portalı vasitəsilə də çıxış etmək mümkündür”, - deyə o əlavə edib.

Braziliyanın Şəhərlər Nazirliyinin şəhər və metropoliten inkişafı üzrə direktoru Kristiana Skortsa diqqətə çatdırıb ki, urbanizasiya modeli inklüziv, dayanıqlı və firavan olmalıdır.

O bildirib ki, bu konsepsiya inteqrasiya olunmuş yanaşmanın inkişafı ilə tam uyğunlaşır.

“Düşünürəm ki, siyasətdə də bu yanaşma nəqliyyat sahəsi üçün əsas istiqamət kimi qəbul oluna bilər”, - deyə o qeyd edib.

Malayziyanın Yaşayış Sahələri və Yerli Özünüidarəetmə Nazirliyinin nəzdində fəaliyyət göstərən "URBANICE Malaysia" mərkəzinin baş əməliyyat direktoru Rizal Osman bildirib ki, Malayziya dayanıqlı şəhər inkişafının əsas istiqamətlərindən biri kimi İctimai Nəqliyyat Yönümlü İnkişaf (TOD) modelini prioritet hesab edir. O bildirib ki, məqsəd ictimai nəqliyyatdan istifadə edənlərin payını ən azı 30-40 faizə çatdırmaqdır.

“TOD yanaşması yüksəksıxlıqlı və qarışıq funksiyalı tikinti layihələrini, güclü ictimai nəqliyyat əlaqələrini, piyada hərəkətinə uyğun məhəllələri və xidmətlərə daha asan çıxışı təmin edərək kompakt, səmərəli və inklüziv şəhər mühitini təşviq edir”, - deyə o əlavə edib.

Sessiya çərçivəsində Yaponiyanın tarixən tətbiq etdiyi “Transit-Oriented Development” (TOD) yanaşması, şəhərsalmanın ictimai nəqliyyat infrastrukturu ilə inteqrasiyası və şəhərlərin yaşıl transformasiyası istiqamətində beynəlxalq təcrübə diqqət mərkəzində olub.