Dekabrın 20-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin illik fəaliyyətinə həsr olunmuş hesabat toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə mərkəzin fəaliyyətini əks etdirən vedeoçarx nümayış olunub. Tədbirdə mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyevin hesabat xarakterli məruzəsi dinlənilib.
Mərkəz direktoru rəhbəri olduğu qurumun fəaliyyətini təhlil edərək gələcək fəaliyyət istiqamətlərindən danışıb. Bildirib ki, nazirliyin balansında olan bütün tərəfdaş qurumlarla yanaşı, şəhər və regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin nümayəndələri, “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun üzvləri son dərəcə məhsuldar fəaliyyət göstəriblər. Mərkəz il ərzində 32 adda müxtəlif məzmunlu yeni metodiki vəsait hazırlayıb. Diqqətə çatdırılıb ki, il ərzində 100-dək müxtəlif mövzulu tədbirlərə, ümumilikdə, 28 mindən çox insan qatılıb. O cümlədən metodiki tədbirlər, elmi-praktik konfranslar, seminarlar, yubileylər, əlamətdar tarixi günlər, internet-aksiyaları, fləşmoblar və digər kütləvi tədbirlər təşkil olunub. Ümumilikdə, 33 regionu əhatə edən 43 rayona 275 dəfə fəal gənclər ezam olunaraq müxtəlif təlimlərdə iştirak ediblər.
A.Usubəliyev gələn il “Müasir mədəniyyətşünaslıq” jurnalının çap ediləcəyini və “atlas memm.az” saytının da istifadəyə veriləcəyini qeyd edib.
Tədbirdə Elmi-Metodiki Mərkəzin regionlardakı təmsilçiləri də illik fəaliyyətləri haqqında hesabat veriblər.
Sonda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mərkəzin işçilərinə yeni vəsiqələri təqdim edib.