BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) beşinci günü də dinamik və məhsuldar müzakirələrlə yadda qalır. Qlobal şəhərsalma çağırışlarının müzakirə olunduğu bu mühüm platformada iştirakçılar müxtəlif ölkələri təmsil edərək öz təcrübə və baxışlarını bölüşürlər.
“İki sahil” olaraq biz də forumun gedişini izləyir, iştirakçıların tədbirlə bağlı gözləntilərini və təəssüratlarını öyrənirik.
WUF13 hazırda dünyanın üzləşdiyi əsas problemlərin müzakirə olunduğu mühüm beynəlxalq platformadır. Bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Cənubi Afrika ofisinin şəhərsalma üzrə eksperti Diale Lodi “İki sahil”ə özəl açıqlamasında söyləyib.
“WUF13 möhtəşəmdir. Burada çox maraqlı və peşəkar sessiyalar keçirilir. Mənzil məsələsinə xüsusi diqqət ayrılması son dərəcə vacibdir. İqlim dəyişiklikləri səbəbindən qeyri-rəsmi yaşayış məntəqələrində yaşayan çox sayda insan evsiz qalır, yaşayış yerləri dağıdılır. Bu mövzu hazırkı dövrdə dünya üçün olduqca aktualdır”, – deyə forum iştirakçısı vurğulayıb.
Onun sözlərinə görə, Cənubi Afrika forumda geniş nümayəndə heyəti ilə iştirak edir: “Təxminən yüz nəfərlik nümayəndə heyəti ilə WUF13-də iştirak edirik və müzakirələrə töhfə verməkdən qürur duyuruq”.
Nümayəndə UN-Habitat təşkilatının fəaliyyətini də yüksək qiymətləndirib: “UN-Habitat müxtəlif tərəflərin səsini eşitdirmək üçün mühüm iş görür. Qadınların, gənclərin, yaşlı insanların və yerli xalqların fikirlərinin ön plana çıxarılması çox əhəmiyyətlidir”.
Bakıda ilk dəfə olduğunu deyən qonaq şəhərlə bağlı xoş təəssüratlarını da bölüşüb: “Bakı heyrətamiz şəhərdir. Memarlığı çox gözəldir, hava isə olduqca xoşdur. İnsanlar çox mehriban və yardımsevərdir”.
Azərbaycan mətbəxindən də razı qaldığını qeyd edən həmsöhbətimiz bildirib ki, indiyədək şaurma dadıb: “Çox ləzzətlidir. Düşünürəm ki, daha çox Azərbaycan yeməklərinin dadına baxacağam”.
Yaqut Ağaşahqızı, “İki sahil”